Tehranda 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi təşkil edilib
Tehran, 20 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım mərasimi təşkil edilib.
Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olmuş şəhidlərin ruhuna dualar oxunub, sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən səfir Cavanşir Axundov deyib ki, 20 Yanvar faciəsi SSRİ-nin əsl simasını ortaya qoydu. Həmin vaxt Azərbaycan xalqı sadəcə olaraq torpaqlarının ermənilər tərəfindən işğalına və insanların öz doğma el-obasından didərgin salınmasına etiraz etmək üçün küçə və meydanlara toplaşmışdı. Mərkəzi hökumətin bu işğala biganə qalması xalq kütlələrinin qəzəbinə səbəb olmuşdu.
Diqqətə çatdırılıb ki, 1980-ci illərin axırlarında Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşmişdi. Sovet İttifaqında gedən siyasi proseslər, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Vəziyyətin böhran həddinə çatmasının əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməsi, uydurma Dağlıq Qarabağ probleminin ortaya atılması idi. SSRİ rəhbərliyi kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. Yanvarın 19-da axşam dövlət televiziyasının enerji bloku partladıldı və əhali məlumatsız qaldı.
Səfir bildirib ki, hazırlanmış plana əsasən yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 638 insan ağır yaralanmışdı. Bu hadisədən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvada bəyanatla çıxış edərək başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyini kəskin tənqid etdi və informasiya blokadasını yardı. Məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyəti Bakıda baş verən qanlı hadisələrdən xəbər tutdu.
Tədbirdə İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə idarəsinin rəisi Qulamrza Qılıcxan, Qafqaz Müsəlmanları İdarəsinin İran nümayəndəliyinin rəhbəri Şamil Ələsgərov, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və digərləri çıxış edərək müasir dünyada müsəlmanlara qarşı aparılan yanlış siyasətdən danışıblar.
Sonda ehsan süfrəsi açılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran