ELM VƏ TƏHSİL
“Təhsil haqqında” Qanuna dəyişikliklər təsdiqləndi
Bakı, 30 dekabr, AZƏRTAC
Parlamentdə “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu məsələyə Milli Məclisin dekabrın 30-da keçirilən plenar iclasında baxılıb.
Qanuna iki dəyişiklik təklif edilib. Belə ki, 32-ci maddədə təhsilalanların hüquqları daha da genişləndirilir və 32.3.7-ci maddədə ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq, 32.3.12-ci maddədə isə akademik məzuniyyət götürmək hüquqları təsbit olunur. Bu hüquqların təmin edilməsi üçün qaydaların müəyyənləşdirilməsi ilə bağlı qanunun 29-cu maddəsinə iki yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Qanunun 29.0.10-1-ci maddəsində ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, 29.0.10-2-ci maddəsində isə orta ixtisas təhsil müəssisələrində təhsilalanların həmin hüquqlarının həyata keçirilməsi üçün qaydaların müəyyən olunması dövlətin vəzifələrinə aid edilir.