ELM VƏ TƏHSİL
Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı davam edir
Bakı, 24 aprel, AZƏRTAC
Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı davam edir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, aprelin 24-də konfransda yerli və əcnəbi mütəxəssislər təhsilin idarə olunmasında Orta Asiya təcrübəsi, təhsildə planlaşdırma və qiymətləndirmə mövzularında çıxış edəcəklər. Bu günün əsas çıxışçıları Qırğız-Türk Manas Universitetinin professoru Kürşad Yılmaz, Qazaxıstanın Narxoz Universitetinin professoru Dilbər Qimranova, Təhsil İdarəçiləri Assosiasiyasının həmtəsisçisi, T-Network platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, Azərbaycan Dövlət Pedaqoji Universiteti - Corc Vaşinqton Universiteti ikili diplom proqramının rəhbəri Tofiq Əhmədov olacaq. Xarici dildə olan çıxışlar Azərbaycan dilinə tərcümə ediləcək.
Xatırladaq ki, konfrans Azərbaycan Respublikasının Təhsil İnstitutunun dəstəyi, Təhsil İdarəçiləri Assosiasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə aprelin 22-dən keçirilir.