TƏHSİL NAZİRLİYİNDƏ GÖRÜŞ OLMUŞDUR
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir M.Mərdanov görüşdə “İslam və gənclik: təhsil, elm və maarifləndirmə” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfrans barədə qonağa məlumat vermişdir.
A.Cahangir son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatı olduğunu bildirmiş, ümumtəhsil məktəblərimizdə dinin tədrisi və tolerantlıq təhsilinin verilməsi məsələləri ilə maraqlanmışdır.
M.Mərdanov bildirmişdir ki, “Dinin əsasları” adlı ayrıca fənn orta
ümumtəhsil məktəblərinin tədris planına daxil edilməsə də, dini-mənəvi dəyərlər, islam dininin tarixi, Qurani-Kərimlə bağlı məsələlər şagirdlərə öyrədilir.
Qeyd olunmuşdur ki, bu məqsədlə orta məktəblərin tədris planında 160 saatdan çox vaxt ayrılmışdır.
Bakı Dövlət Universitetində hazırda ilahiyyat fakültəsinin fəaliyyət göstərdiyini qeyd edən nazir, ali məktəblərimizdə bu fənnin ayrıca tədris olunduğunu söyləmişdir. O, eyni zamanda, son illər respublikamızda təhsil sahəsində aparılan islahatlardan bəhs etmiş və bu islahatların nəticəsi olaraq ümumi orta təhsilin Milli Kurrikulumu çərçivə sənədinin hazırlandığını diqqətə çatdırmışdır.
Görüşdə şagirdlərin tolerantlıq təhsili üzrə maarifləndirilməsi, “Həyat bilgisi” kitabının ingilis dilinə tərcümə edilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılmışdır.