TƏHSİL NAZİRLİYİNDƏ İCLAS KEÇİRİLMİŞDİR
İclasda nazir Misir Mərdanov təhsilin ayrı-ayrı sahələri üzrə aparılan islahatlardan danışmış, pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində ilkin müəllim hazırlığı ilə əlaqədar görülən işlərlə maraqlanmışdır.
Nazirliyin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev ilkin müəllim hazırlığı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Sonra fasiləsiz müəllim hazırlığı alt-komponenti üzrə milli məsləhətçi Aydın Kazımzadə “Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının milli konsepsiya və strategiyası” layihə sənədini təqdim etmiş və sənədin dünya təcrübəsi əsasında hazırlandığını bildirmiş, eyni zamanda, mövcud problemləri də diqqətə çatdırmışdır.
İclasda iştirak edən YUNİSEF-in və digər qurumların nümayəndələri təqdim edilən layihə barədə fikirlərini açıqlamışlar.
M.Mərdanov fasiləsiz müəllim hazırlığı üzrə vahid sənədin hazırlanmasının və müvafiq işçi qrupu yaradılmasının vacibliyini bildirmişdir.