TƏHSİL NAZİRLİYİNDƏ YUNESKO-NUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ MÜZAKİRƏLƏR APARILIR
Təhsil naziri Misir Mərdanov çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nazirlik ilə YUNESKO arasında əməkdaşlığın yaranmasında və formalaşmasında mühüm rolu olduğunu vurğulamışdır.
O, YUNESKO-nun və nazirliyin birgə keçirdikləri tədbirlərin əhəmiyyətindən danışmış, Azərbaycanda texniki peşə təhsilinin təkmilləşdirilməsi, ilkin müəllim hazırlığı və ixtisasartırma təhsil sisteminin təkmilləşdirilməsi barədə geniş məlumat vermişdir.
YUNESKO-nun təhsil siyasəti və strategiyası departamentinin müdiri Mirəsgər Hüseyn, islahatlar, innovasiyalar və təhsilin keyfiyyəti bölməsinin müdiri Stameka Uvalik-Trumbik, texniki peşə təhsili bölməsinin mütəxəssisi Əbdül Vahab cəmiyyətin tərəqqisində təhsilin mühüm rolundan bəhs etmiş, YUNESKO-nun bu sahənin inkişafına böyük önəm verdiyini bildirmişlər.
Sonra hər iki qurumun işçi qrupları Azərbaycanda təhsilin inkişafı sahəsində müəyyənləşdirilmiş prioritetlər üzrə əməkdaşlıq proqramı ilə bağlı müzakirələr aparmışlar.