Tələbələr TURKKON-un fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 3 dekabr, AZƏRTAC
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının (TURKKON) xarici təşkilatlanma üzrə sədr müavini Mesut Gülaçtının rəhbərlik etdiyi nümayəndə heyəti ilə Bakı Avrasiya Universitetində görüş keçirilib.
Dilçilik İnstitutundan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Türk dünyası ölkələri arasında elmi, mədəni və təhsil sahələrində əməkdaşlıq perspektivləri, mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, birgə tədbirlərin təşkili və qarşılıqlı layihələrin həyata keçirilməsi kimi mühüm məsələlər müzakirə olunub. Qonaqlara institutun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən elmi-tədqiqat işləri və bu sahədə görülən yeniliklərlə bağlı ətraflı məlumat verilib. Tərəfdaşlığın genişləndirilməsinin hər iki tərəf üçün əhəmiyyətli olacağı xüsusi vurğulanıb.
Bununla yanaşı, Filologiya fakültəsinin tələbələrinə TURKKON-un fəaliyyəti, məqsədləri və regional əməkdaşlıqda oynadığı rol haqqında geniş məlumat verilib.
Tədbirin sonunda TURKKON-da Azərbaycanı təmsil edən Aynel Məşədiyeva, qurumun əməkdaşları Turan Ədalət, Pərvin Mehdiyev dəyərli xidmətlərinə görə təltif plaketləri ilə mükafatlandırılıb.