Təmas xəttində raket, metroloji radiopelenqator, mərmi qalıqları aşkarlanıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir, Tərtər, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Zəng xidməti mərkəzindən 78 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3 müraciət daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, daxil olmuş 81 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Cəfərbəyli, Hacılar, Ağgöl, Şənlik, Sarıcalı, Ağabəyli, Hacıbədəlli, Boyat, İmamqulubəyli kəndləri, Ağdam rayonunun Bənövşələr qəsəbəsi, Bərdə rayonunun Qaradağlı, Şahvəlilər, İmamqulubəyli kəndləri, C.Məmmədquluzadə, S.Vurğun, Təbriz küçələri və H.Əliyev prospekti, Beyləqan rayonunun Ağamir küçəsi və Təzəkənd kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Dördüncü Zobcuq qəsəbəsi və Şükürbəyli kəndi, Goranboy rayonunun Tapqaraqoyunlu, Nizami və Qızılhacılı kəndləri, Tərtər rayonunun V.Orucov küçəsi, Şəmkir rayonunun Sabirkənd kəndi, Zərdab rayonunun Məlikli kəndi, Gəncə və Mingəçevir şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə 64 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator və 25 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Həmçinin agentliyin partlayış qrupu tərəfindən 15 ədəd partlamamış hərbi sursat (PHS) partlayış yolu ilə zərərsizləşdirilib.
Ümumilikdə agentlik tərəfindən sentyabrın 27-dən oktyabrın 5-dək 281 siqnal (əməliyyat çağırışı) əsasında 258 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 67 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator, 1 ədəd kamikadze dron (partladıcısı yerində zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxeması və 94 ədəd partlamış raket hissələri aşkarlanıb.