“Təmiz Şəhər” Mərkəzi tullantıların idarə olunması üzrə mütəxəssislər hazırlayacaq
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Təmiz Şəhər”Mərkəzinin açılışı olub.
Bu barədə AZƏRTAC-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov ölkə rəhbərinin təhsilə ayırdığı diqqətdən danışıb, nazirliyin son dövrlərdə inkişaf edən sahələrdə kadrların yetişdirilməsi istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, təhsil ocaqlarının və “Təmiz Şəhər” ASC-nin bu istiqamətdə apardıqları işlər xüsusi təşəkkürə layiqdir.
“Təmiz Şəhər” ASC İdarə Heyətinin sədri Zakir İbrahimov çıxışında tullantıların idarə edilməsinin yeni bir sahə olduğunu, bu istiqamətdə gənc və savadlı kadrların hazırlanmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Memarlıq və İnşaat Universitetinin tələbələri “Təmiz Şəhər” ASC-də iş təcrübəsi keçib, yay məktəblərində və maarifləndirici turlarda iştirak ediblər.
Universitetin rektoru Gülçöhrə Məmmədova qeyd edib ki, şirkətlərlə faydalı əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi universitet üçün çox zəruridir. Rektor “Təmiz Şəhər” Mərkəzinin ətraf mühitin qorunması və tullantıların idarə olunması üzrə mütəxəssislərin hazırlanmasında böyük rolu olacağını bildirib.
“Təmiz Şəhər” Mərkəzində mütəxəssislər tərəfindən ali təhsil müəssisəsinin tələbələrinə ətraf mühit və tullantıların idarə olunması mövzusunda təlimlər keçiriləcək.