TƏRƏFLƏR ƏLAQƏLƏRİN HƏRTƏRƏFLİİNKİŞAFINDA MARAQLIDIRLAR
Milli Məclisin sədri qonağı səmimiyyətlə salamladıqdan sonra demişdir ki, Azərbaycan Polşa ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci ildə Polşaya ilk səfəri zamanı imzalanmış sənədlər münasibətlərimizin inkişafı üçün hüquqi baza yaratmışdır. Sonrakı illərdə dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, əldə edilmiş razılaşmalar və imzalanmış çoxsaylı müqavilələr əlaqələrimizin genişlənməsi və inkişafı üçün geniş imkanlar yaratmışdır. Düşünürəm ki, parlamentlərimiz bu imkandan istifadə edərək, bütün sahələrdə əlaqələrimizin möhkəmlənməsinə çalışacaq. Hər iki ölkənin parlamentində dostluq qrupları vardır və onların qarşılıqlı səfərləri bu baxımdan faydalı olacaqdır.
Səfir Kşiştof Krayevski səmimi qəbula görə minnətdarlığını bildirmiş, Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. Diplomat, Azərbaycanda olduğu qısa vaxt ərzində ona göstərilən qonaqpərvərliyə və fəaliyyəti üçün yaradılmış şəraitə görə, Azərbaycan hökumətinə və xalqına minnətdarlığını ifadə etmişdir. O demişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün, həqiqətən, gözəl zəmin yaranmışdır. Parlamentlərimiz bundan maksimum istifadə etməli, əməkdaşlığı daha genişləndirməlidirlər.
Səfir Azərbaycandakı fəaliyyəti dövründə əlaqələrimizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəyini bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.