Tərtərdə Ağdam şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü ilə bağlı dəyirmi masa keçirilib
Tərtər, 19 noyabr, AZƏRTAC
Tərtər Rayon Heydər Əliyev Mərkəzində Ağdam şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü ilə bağlı “Həsrətdən gerçəyə” adlı dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinə tabe olan mədəniyyət müəssisələrinin işçilərinin iştirak etdiyi tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanım dövlət himni səsləndirilib.
Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova və Mərkəzin əməkdaşları çıxış edərək, Ağdam rayonunun tarixi, mədəniyyəti, Ermənistan silahlı bölmələri tərəfindən işğal zamanı vandalizmə məruz qalması və ötən ilin noyabrın 20-də işğaldan azad edilməsindən danışıblar. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və torpaqlarımızı boşaltmağa məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altında olan hissəsinə daxil oldu.
Diqqətə çatdırılıb ki, ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Ermənilərin viran qoyduğu Ağdam şəhəri azadlığına qovuşduqdan sonra yeni dövrünə qədəm qoyub. Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyması, park-meşədə ağac əkməsi ilə quruculuq, inkişaf dövrü başlayıb. Çox keçməyəcək ki, Ağdam yenidən Azərbaycanın mədəniyyətin, aqrar sahənin, sənayenin, turizmin inkişaf etdiyi rayonlarından birinə çevriləcək.
Tədbirdə Ağdam şəhərinin görüntülərini özündə əks etdirən videoçarx göstərilib.