TƏRTƏRDƏ EKOLOJİ TƏDBİRLƏR UĞURLA HƏYATA KEÇİRİLİR
Tərtər, 30 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin ölkə ərazisində ağac əkilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, habelə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Tərtər rayonunda geniş yaşıllaşdırma işləri aparılır.
Tərtər Rayon İcra Hakimiyyətində hazırlanan tədbirlər planına uyğun olaraq ağac əkiləcək ərazilər müəyyənləşdirilmiş, ağaclara aqrotexniki xidmət göstərilməsi və yaşıllıqların qorunması üçün ərazilər rayonun idarə, müəssisə və təşkilatları arasında bölünmüş, su şəbəkəsi yaradılmış, suvarma arxları çəkilmişdir.
Tədbirlər planına əsasən, ilin əvvəlindən indiyədək 137 min 850 ədəd müxtəlif ağac, o cümlədən 54 min 700 meyvə, 12 min 200 sərv, 3.700 yapon əzgili, 60 min həmişəyaşıl, 3.500 ionim, 2.850 eldar şamı, 900 söyüd və 10 min 450 qızılgül əkilmişdir. İlin sonunadək ümumilikdə 260 min ağac əkilməsi nəzərdə tutulmuşdur.