Tərtərdə şəhid Nicat İsgəndərovun xatirəsi anılıb
Tərtər, 3 aprel, AZƏRTAC
Tərtərdə 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nicat İsgəndərovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri şəhidin ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Nicat İsgəndərov Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində təhsil alıb. Sonra Vətənə xidmətini cəbhənin Füzuli istiqamətində davam etdirib. Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin təxribatının qarşısının alınmasında iştirak edib. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. Tərtər şəhərinin küçələrindən birinə şəhidin adı verilib, baralyefi quraşdırılıb.
Tərtər rayon ictimaiyyətinin nümayəndələri şəhidin adını daşıyan küçəyə gedərək, xatirəsini ehtiramla yad edib, baralyefi önünə gül dəstələri düzüblər. Tərtər şəhər 3 nömrəli ümumi orta məktəbin şagirdləri şəhidin məzarını ziyarət edib, məzarı önündə kompozisiya nümayiş etdiriblər.
Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.