AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qafqaz üzrə mütəxəssis, tanınmış jurnalist Tomas Qolts Vaşinqtondakı Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İstitutunda “Azərbaycanda islam fundamentalizmi: təhlükə və ya xülya” adlı məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan müsəlman əhalili dövlət olsa da, burada islam fundamentalizmi təhlükəsi yoxdur. Qafqazı zəngin etnik və tarixi müxtəlifliyinə görə mürəkkəb bölgə adlandıran jurnalist demişdir ki, o, mövzu üzrə araşdırmalarını hələ 15 il əvvəl başlamışdır və bu günə qədər əminliklə deyə bilməz ki, Azərbaycanda “islam fundamentalizmi” təhlükəsi vardır. Ümumiyyətlə, Tomas Qolts hesab edir ki, “islam fundamentalizmi” məfhumunu təyin etməyə çalışan rəsmi Vaşinqton bunun terrorla müharibədə kömək edəcəyinə ümid bəsləyir. Lakin Azərbaycana gəldikdə, “fundamentalistlər” sayca cüzidir, onlar siyasi-ictimai vəziyyətə təsir edəcək qədər nüfuza malik deyillər. Qolts auditoriyaya 1990-cı illərin əvvəlində Azərbaycanda çəkdiyi və Aşura mərasimlərini əks etdirən filmi nümayiş etdirmişdir. Onun sözlərinə görə, Sovet İttifaqı dağıldıqdan sonra “dinlərini əldə od kimi saxlayan” azərbaycanlılarda ruh yüksəkliyi müşahidə olunur. İnsanlar məscidlərə gedir, həyatlarını İslam dininin əsaslarına uyğun qurur, İslam təqviminin əlamətdar günlərini qeyd edirlər. Bununla yanaşı, radikal dini ab-hava yayılmayıbdır. İran, Səudiyyə Ərəbistanı kimi islam dövlətlərinin qeyri-adi təsiri də görünmür. Belə ki, qaqçın düşərgələrində tikilən məscidlərə gələnlər, gözlənildiyi kimi, çoxsaylı olmur. Hətta Ermənistanla müharibə nəticəsində doğma evlərindən qovulan əhalinin bu küskün təbəqəsi belə, çətinliklərə baxmayaraq, “islam fundamentalistləri”nə çevrilmirlər.
Bu yaxınlarda Azərbaycanda növbəti səfərdə olan Tomas Qolts Bakıda “Əbubəkr” məscidində dindarlarla apardığı müzakirələrdən də danışmışdır. O demişdir ki, söhbətlərində heç bir müsəlman azərbaycanlı 11 sentyabr terror hücumlarına haqq qazandırmamışdır. Lakin 2003-cü ildə ABŞ-ın İraqa hücumu yerli müsəlmanlarda narazılıqla qarşılanmışdır. Amerikanın belə siyasəti indi də dəstəklənmir.
ABŞ-ın Montana Universitetinin professoru, jurnalist Tomas Qolts Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərini əks etdirən “Azərbaycan gündəliyi” kitabının müəllifidir. Daha sonra o, “Çeçenistan gündəliyi” və “Gürcüstan gündəliyi” kitablarını yazmışdır.
Con Hopkins Universitetindəki tədbirdə Dövlət Depatamentinin, Konqresin və ABŞ-ın digər hökumət qurumlarının, diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.