Tovuzda Zəfər Gününə həsr olunmuş intellektual oyun keçirilib
Tovuz, 24 oktyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Zəfərin izi ilə” “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Rauf Rüstəmov açaraq iştirakçıları salamlayıb, uğurlar arzu edib.
On komandanın iştirakı ilə keçirilən intellektual oyununda iştirakçılar Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan siyasət, Heydər Əliyev Fondunun fəaliyyəti və Zəfər Günü ilə əlaqədar sualları cavablandırmışlar.
İntellektual oyunda I yeri "Mübarizlər" (A.Hüseynov adına Yanıqlı kənd tam orta ümumtəhsil məktəbi), II yeri "Bozalqanlı" (Y.Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbi), III yeri isə "Victory" (M.Məmmədov adına Qovlar şəhər humanitar təmayüllü məktəb-lisey ) komandaları tutub. Qalib komandalara təşkilatçılar tərəfindən kubok və diplomlar təqdim edilib.