Tovuzun dağ bulaqlarının suyu niyə azalıb? - REPORTAJ VİDEO

















Tovuz, 20 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz qərb bölgəsinin zəngin bulaqları olan, geniş turizm potensialına malik rayonlarından biridir. Rayon ərazisində yüzlərlə bulaq var ki, onların da əksəriyyətinin suyu həm içməli, həm də şəfalıdır. Yaz fəslində həmişə bu bulaqların suyu gur axmağa başlayır.
AZƏRTAC xəbər verir ki, yazın əvvəllərində Tovuz dağlarındakı bulaqların olduğu məkanlara insanlar az-az gəlsələr də, təxminən bir ay - ay yarımdan sonra bura turistlərin axını başlayacaq. Yay mövsümündə bulaqların olduğu istirahət məkanlarına minlərlə insan üz tutur.
Təkcə Əsrik dərəsində yüzlərlə təbii bulaq mövcuddur. Bulaqların suyunda bu il kəskin azalma müşahidə edilir. Belə ki, bəzilərinin suyu tamamilə quruyub, bəzi bulaqlarda isə su kəskin azalıb.
Kənd sakinləri deyirlər ki, bulaqların belə ciddi azalmasını xatırlamırlar. Mövsümi azalmalar olsa da, dağlarda qarın əriməsi ilə bulaqların, çeşmələrin suyunda artım bərpa olurdu. Bu il isə hələ ki bu, baş verməyib. Hətta bəzi bulaqlar tamam quruyub. “Mən deyərdim ki, 90-cı ildən bəri yağıntı bu ərazilərə nadir hallarda düşüb. Qarın hündürlüyü əvvəllər haradasa 40-50 santimetrə çatırdı. İndi dağların başına 5-10 santimetr qar yağır. Buna görə də su azalır. Getdikcə də bulaqlarımız quruyur. Suyun quruması ilə əlaqədar turistlərin gəlişi də azalacaq”, - deyə Hacılar kənd sakini Firudin Babayev söyləyib.
Tovuz-Qaralar-Böyük Qışlaq avtomobil yolunun kənarlarında insanların tez-tez dayanıb, qablara doldurduqları və evə apardıqları bulaqların da suyu azalıb. Təkcə Əsrik dərəsi boyunca 60-a yaxın istirahət məkanı fəaliyyət göstərir. Sakinlər bildirirlər ki, bulaq suları borularla bəzi məkanlara, evlərə çəkilir, bu da nəticədə suyun azalmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, bulaqların suyunun azalmasına təsir edən başlıca səbəb bölgə iqlimində müşahidə edilən quraqlıqdır. Yağıntının əraziyə az düşməsi dağ sularının azalmasına səbəb olur. “Bizim regionumuzda əsasən içməli su mənbələri çeşmələr və təbii bulaqlardır. Həmin bulaqların suyunun quruması təbii amillərdən asılıdır. Yağıntıların miqdarının azalması, qlobal istiləşmə, meşə fondunun nisbətən azalması bulaq sularının azalmasına səbəb olur ki, bu da həmin bulaqların qurumasına, gözlərinin tutulmasına gətirib çıxarır. Bundan əlavə, suvarma sularının azalmasına da səbəb olur”, - deyə meliorasiya sahəsi üzrə mütəxəssis Məqsəd Nəbiyev söyləyib.
Mütəxəssis, həmçinin hesab edir ki, bulaqların suyunun quruması əhalinin suya tələbatının artması ilə əlaqədar su çatışmazlığına da gətirib çıxara bilər. Eyni zamanda mütəxəssislər yağıntıların davamlı olacağı halda bulaqların suyunun əvvəlki vəziyyətinə qayıtma ehtimalının da mümkünlüyünü vurğulayırlar.
Qeyd edək ki, Tovuzun Əsrik dərəsi və ona yaxın dağlıq ərazilərdə 200-dən çox təbii bulaq axır. Yayda bu ərazilərə gündəlik 1500-2000 insan istirahətə gəlir.