TRACECA Fondunun yaradılması üzrə İşçi qrupu iştirakçılarının növbəti görüşü noyabr ayına planlaşdırılıb

Bakı, 23 oktyabr, AZƏRTAC
TRACECA Fondunun əməliyyat qaydalarının mətninin tamamlanması üzrə İşçi qrupu iştirakçılarının növbəti görüşü bu il noyabrın 29-da keçiriləcək.
AZƏRTAC TRACECA saytına istinadla xəbər verir ki, İşçi qrupu fəaliyyətini TRACECA Dövlətlərarası komissiyasının 16-cı iclasının qərarına əsasən həyata keçirir. Bu təşəbbüs həmin iclasda konseptual şəkildə dəstəklənib. Noyabrda baş tutacaq görüş çərçivəsində idarəetmə mexanizmləri və Fondun fəaliyyəti üzrə digər prosedurların müzakirə edilməsi planlaşdırılır.
Qeyd edək ki, oktyabrın 17-də TRACECA Fondunun statusunu və fəaliyyətini tənzimləyən sənədlərin tamamlanması üzrə İşçi qrupu işini onlayn-konfrans rejimində davam etdirib. Görüş iştirakçıları maksimal maliyyələşdirmə həcminin və layihələrin həyata keçirilməsi müddətlərinin müəyyən edilməsi mexanizmlərini müzakirə ediblər. Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna və Özbəkistandan olan görüş iştirakçıları TRACECA Fondunun əməliyyat qaydalarının mətninin tamamlanması üzrə təklifləri nəzərdən keçiriblər. Müzakirələrin yekunlarına görə, əldə edilmiş razılaşmalar və səsləndirilmiş mövqelər nəzərə alınaraq, Fondun əməliyyat qaydalarının mətninin tamamlanması üzrə iş Daimi katiblik tərəfindən davam etdiriləcək. Tamamlanmış sənədlər İşçi qrupunun iştirakçılarına göndəriləcək.