ELM VƏ TƏHSİL
“Trappist-1” planet sistemində sivilizasiya axtarışı
Bakı, 22 noyabr, AZƏRTAC
SETI və Penn Dövlət institutlarının tədqiqat qrupu “Trappist-1” ulduz sistemində hər hansı sivilizasiyanın mövcudluğunu göstərən texnoloji fəallıq əlamətləri axtarmaq məqsədilə “Allen Telescope Array” radioteleskopu vasitəsilə 28 saat ardıcıl olaraq monitorinq aparıb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Yerdən 41 işıq ili məsafədə yerləşən “Trappist-1” M8 spektral sinifli qırmızı cırtdan ulduzdur. 2016-cı ildə ulduzun həyat zonasında 3 planet, sonra isə əlavə 4 planet aşkarlanıb. Həmin planetlərin ölçüləri Yerin ölçüsünə yaxındır və müşahidələrdən alınan nəticələr onlarda su və atmosferin olmasına işarə edir.
Qoyulmuş məsələ üçün alimlər çox geniş bir radiodiapazonu kiçik tezliklərə bölərək siqnalları qeyd ediblər. Alınmış materiallardan analiz nəticəsində ilkin olaraq 11127 siqnal seçilib. Onlardan cəmi 1627 siqnal ehtimal çərçivəsində olsa da, çox təəssüf ki, hər hansı sivilizasiyanın mövcudluğuna dair məlumat tapılmayıb. Tədqiqatçılar “Trappist-1b” və “Trappist-1c” arasında əlaqənin olub-olmadığını müəyyən etməyə çalışıblar.
Komanda nəticə əldə etməsə də, axtarış texnikanı təkmilləşdirməyi və digər ulduz sistemlərini araşdırmağa davam etdirməyi planlaşdırırlar.
Tədqiqat işi “Astronomical Journal”da çap üçün təsdiq olunub və “arxiv.org” serverində yerləşdirilib.