Travmatologiya və ortopediyanın aktual problemləri müzakirə olunub
Bakı, 19 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsinə həsr olunan “Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı” keçirilib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, qurultayda II Qarabağ müharibəsi zamanı travmatoloji xidmətin təşkili, odlu silah yaralanmaları zamanı sümük və yumşaq toxumalarda cərrahi müdaxilələr, qazi və yaralananların tibbi, psixo-sosial reabilitasiyası, travmatologiya və ortopediyanın digər aktual problemlərini əhatə edən səkkiz panel təqdim olunub.
Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunan məruzələrdə ən son tibbi məlumatlar yer alıb. Konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdirilib.
Qurultayda ilk dəfə olaraq “Azərbaycan Travmatoloq və Ortopedlərin dostu” fəxri adları türkiyəli həkimlərə təqdim edilib. Həm Qarabağ müharibəsində, həm də yerli həkimlərin uzmanlıq ixtisaslarının təkmilləşdirilməsində qardaş ölkə həmkarlarının əvəzsiz rolu olduğu qeyd edilib.
Sonda 44 günlük Vətən müharibəsində iştirak edən travmatoloq-ortopedlər təltif ediliblər.