“TRT Haber”in aparıcısı: Türkiyədəki zəlzələ zamanı Azərbaycanın yardımını heç vaxt unutmayacağıq
Ankara, 2 dekabr, AZƏRTAC
Türkiyədə on minlərlə vətəndaşın həyatına son qoyan dağıdıcı zəlzələlərin baş verdiyi zonaların sakinlərinə Azərbaycan tərəfindən göstərilən yardımı biz heç vaxt unutmayacağıq.
Bunu AZƏRTAC-a müsahibəsində türkiyəli tanınmış jurnalist, “TRT Haber” telekanalının aparıcısı Fuad Kozluklu deyib.
O bildirib ki, 2023-cü ilin fevral zəlzələləri günlərində yeraltı təkanların episentri olan Kahramanmaraş vilayətinə operativ şəkildə ezam olunub.
“Fəlakət zonasında işə başlayan ilk jurnalistlərdən biri idim. Kahramanmaraşda Trabzon küçəsi ilə Azərbaycan bulvarının kəsişməsindən efirə çıxırdıq. Bakıdan və Azərbaycanın digər bölgələrindən gələn humanitar yardım maşınlarının bitib-tükənməyən karvanlarını öz gözlərimlə gördüm, Azərbaycan xilasedicilərinin fəaliyyətinin şahidi oldum. Bu, iki xalqın həmrəyliyinin görünməmiş nümunəsi idi”, – deyə jurnalist xatırlayır.
F. Kozluklu Azərbaycan hökumətinə və xalqına səmimi təşəkkürünü bildirib.
“Həmin günlərdə bir daha şahid oldum ki, Türkiyə və Azərbaycan bir ürək, bir candır. Biz əməldə biri-birimizin yanındayıq, həm kədərli, həm sevincli anlarda birlikdəyik, çağırışlar və təhdidlər qarşısında çiyin-çiyinə dayanırıq. Bu, hər birimiz üçün qürur mənbəyidir”, – deyə türkiyəli jurnalist vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara