REGİONLAR
Turizm Quba rayonunda prioritet sahələrdən birinə çevrilib VİDEO
Qubada Dünya Turizm Günü qeyd olunub
Quba, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 27-də Qubada Dünya Turizm Günü və Azərbaycanda turizm işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə turizm sahəsi ilə əlaqəli olan 200-ə yaxın dövlət və özəl sektorun nümayəndələri iştirak edib.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov regionun turizm potensialını tanıtmaq üçün bu il agentlik tərəfindən Quba Destinasiya Menecmenti Təşkilatının yaradıldığını qeyd edib. Bildirilib ki, regionda turizmin davamlı inkişaf etdirilməsi üçün müxtəlif formatlı festivallar, silsilə tədbirlər keçirilir.
Çıxışlarda bildirilib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Məhz dövlət başçısının diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir.
Ötən müddət ərzində turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bölgənin böyük turizm imkanlarına malik olduğunu söyləyib. Son illər Quba rayonu yerli və əcnəbi turistlərin ən çox üz tutduğu regionlardan birinə çevrilib. Bunun sayəsində turizm rayonda prioritet sahələrdən birinə çevrilib və bu sahənin inkişafına xüsusi diqqət ayrılır.