MƏDƏNİYYƏT
Turizm şirkətləri ilə teatr-konsert kompleksləri arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 11 noyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın incəsənətini, mədəniyyətini, qeyri-maddi mədəni irsini və teatr sənətini əcnəbi turistlərə tanıtmaq məqsədilə turizm şirkətlərinin və teatr-konsert komplekslərinin rəhbərlərinin görüşü təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəzərdə tutulan mövzu ilə əlaqədar olaraq turizm şirkətlərinin rəhbərləri teatr-konsert komplekslərində olan mövcud şəraitlə tanış olduqdan sonra bu müəssisələrə daha çox turistin cəlb edilməsi məqsədilə qarşılıqlı əlaqə yaradılması, eləcə də, görüləcək işlərlə bağlı müzakirələr aparıb.
Turizm şirkətləri vasitəsilə ölkəmizə təşkil olunan turlara əsasən dil baryeri olmadığı üçün Dövlət Akademik Opera və Balet, Rus Dram və Pantomima teatrlarında nümayiş olunan tamaşalara turistlərin daha da maraqlı yanaşacağı qeyd edilib. Bununla yanaşı, yenidənqurma və təmir işləri aparılmış Akademik Milli Dram, Musiqili, Gənc Tamaşaçılar və Kukla teatrlarında əcnəbilər üçün dil baryerinin aradan qaldırılması məqsədilə bütün müasir avadanlıqların quraşdırıldığı turizm şirkətlərinin diqqətinə çatdırılaraq ölkəmizə təşkil edilən tur proqramlarına bu müəssisələrdə keçirilən tamaşaların da daxil edilməsi tövsiyə olunub.
Mədəniyyət və Turizm Nazirliyi bir daha gəlmə turizmlə məşğul olan bütün turizm şirkətlərinə ölkəmizə təşkil olunan tur proqramlara teatr-konsert müəssisələrində təşkil olunan tamaşaların daxil edilməsini, bu istiqamətdə turizm marşrutlarının yaradılmasını tövsiyə edib.
Bildirilib ki, bu istiqamətdə hər hansı bir rəy və təklifi olan turizm şirkətləri Mədəniyyət və Turizm Nazirliyi (012 492 88 50, [email protected]) ilə əlaqə saxlaya bilərlər.