TÜRKİYƏ HÖKUMƏTİ CEYHAN TERMİNALINA PREZİDENT HEYDƏR ƏLİYEVİN ADININ VERİLMƏSİ BARƏDƏ QƏRAR QƏBUL ETMİŞDİR
Qardaş ölkənin hökumətinin bu qərarından məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, fevralın 3-də Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi üzrə son maliyyə paketinin imzalanması Azərbaycan və Türkiyə hökumətinin müştərək qələbəsidir. O, bu layihənin hər iki ölkənin iqtisadi maraqlarına xidmət etdiyini vurğulamaqla yanaşı, eyni zamanda, bölgədə təhlükəsizliyin də möhkəmləndirilməsinə kömək edəcəyini söyləmişdir. Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi vaxtında başa çatdırılacaqdır.
Dövlətimizin başçısı onun salamlarını Türkiyənin Prezidenti Əhməd Necdət Sezərə və Baş nazir Rəcəb Tayyib Ərdoğana çatdırmağı nazirdən xahiş etmiş, bu yaxınlarda Türkiyəyə səfər edəcəyini bildirmişdir.
Cənab Hilmi Gülər Azərbaycan Prezidentinə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını yetirmiş və ötən həftə Azərbaycanın və Türkiyənin hökumət nümayəndələrinin Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisi üzrə apardıqları müzakirələr barədə dövlətimizin başçısına ətraflı məlumat vermişdir. O, Bakı-Tbilisi-Ərzurum layihəsinin də uğurla həyata keçiriləcəyinə əmin olduğunu söyləmiş və bununla əlaqədar Yunanıstan hökuməti ilə müqavilə imzalandığını da xatırlatmışdır.