Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
Qəbələ, 1 mart, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda qonaq olan Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı Cengiz Güneş Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu və Arxeoloji Mərkəzi ziyarət edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Türkiyə səfirliyinin əməkdaşına Qoruğun Səlbir və Qala ərazilərində dövrü olaraq aparılmış arxeoloji qazıntılar, aşkar edilən tarixi əhəmiyyət kəsb edən tapıntılar barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, tarixi sirlərlə zəngin olan Qoruq ərazisi mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkanı əhatə edir. Ümumilikdə, 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.
Cengiz Güneş Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən arxeoloji materiallarla da tanış olub. Mərkəzdə nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar türkiyəli qonaq tərəfindən maraqla qarşılanıb.