Türkiyə XİN Belçika parlamentinin qətnaməsi ilə bağlı açıqlama yayıb
Ankara, 19 dekabr, AZƏRTAC
Belçika Parlamenti Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə nə tarixi, nə hüquqi, nə də cəbhədəki gerçəklərə uyğundur. Türkiyə haqqında əsassız iddia və ittihamların da yer aldığı bu qətnaməni qətiyyətlə rədd edirik.
AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Açıqlamada bildirilir ki, bu qərar Belçika Nümayəndələr Palatasının bəzi üzvlərinin təktərəfli qaydada erməni yalanlarına necə alət olduqlarının, qərəzli davranışlarının, daxili siyasətə hesablanmış bəsit məqsədlərin əsir olduğunun bariz nümunəsidir.
Sözügedən qərar Türkiyə-Belçika əlaqələrinə töhfə olmadığı kimi, bölgədə sülh və sabitliyin qorunmasına yönəldilən cəhdlərə də xidmət etməyəcək. Bu cür qərarlar Ermənistanın reallığı qəbul etməsini gecikdirərək üzərinə düşən məsuliyyətdən qaçmasını təşviq etməkdədir.
Belçikadan gözlədiyimiz ağıllı davranış sərgiləməsi və sözügedən qərarlar kontekstində ikitərəfli münasibətlərimizə kölgə sala biləcək addımlar atmaqdan uzaq durmasıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara