TÜRKİYƏDƏ 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILMIŞDIR
Səfir Məmməd Əliyev mərasimdə çıxış edərək, Azərbaycan tarixinin kədərli, eyni zamanda da qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə 12-ci dəfə qeyd olunduğunu xatırlatdı, hər zaman bizə mənəvi dəstək verən türkiyəli qardaşlarımıza təşəkkürünü bildirdi. 1990-cı ildə Azərbaycanda yaranmış siyasi-ictimai vəziyyəti yada salan səfir o zaman Heydər Əliyevin Moskvadakı səfirliyimizə gələrək, SSRİ rəhbərliyinin bu addımına qarşı kəskin etirazını bildirdiyini nəzərə çarpdırdı.
Türkiyənin sabiq mədəniyyət naziri, Əhməd Yasəvi vəqfinin sədri Namiq Kamal Zeybək iki ölkənin ənənəvi dostluğundan, müştərək mədəniyyətindən, tarixindən ətraflı söhbət açdı. O, İstanbulda arxivdə bir sənəd gördüyünü, burada Osmanlı dövlətində yetim uşaqlara yataqxana inşası üçün Azərbaycan xalqının könüllü şəkildə pul yığdığı və İstanbula göndərdiyi barədə məlumat verildiyini bildirərək dedi ki, Azərbaycan xalqı sonralar da dəfələrlə Türkiyəyə yardım göstərmişdir.
TÜRKSAV-ın (Türkiyə Yazıçılar və Sənətçilər Vəqfi) sədri, şair Yəhya Akəngin, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin sədr müavini Egə Aslan, “Salamoğlu şirkətlər qrupunun” sədri, iş adamı Fərhad Salamoğlu çıxışlarında qanlı Yanvar faciəsinin, şəhidlərin əziz xatirəsinin türk xalqının da qəlbində daim yaşayacağını bildirdilər. Ankarada təhsil alan kursantlarımız “Qanlı gecə” adlı ədəbi-bədii kompozisiya göstərdilər.
X X X
Həmin gün İstanbulda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilmişdir. Gecəni giriş sözü ilə ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov açmışdır. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, sonra “20 Yanvar” və “Erməni terroru” adlı sənədli filmlər nümayiş etdirildi. Xatirə gecəsində Türkiyə-Azərbaycan Dostluq və Həmrəylik Cəmiyyətinin üzvü Ülviyyə Qasımova, professorlar Camal Anadol, professor Mehmet Saray ürək sözlərini söylədilər. İstanbulda təhsil alan tələbələrimiz ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.