Yanvarın 20-də Azərbaycan Respublikasının Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə Türkiyənin tanınmış siyasət, elm və mədəniyyət xadimləri, Ankarada yaşayan, işləyən professor və müəllimlərimiz, burada təhsil alan tələbələrimiz dəvət olunmuşdur.Tədbir iştirakçıları bir dəqiqəlik sükutla 20 Yanvar 1990-cı ildə şəhid olan vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən səfirimiz Məmməd Əliyev 12 ildir ki, Azərbaycan tarixinin kədərli, eyni zamanda da qəhrəman səhifəsi olan 20 Yanvar faciəsinin Türkiyədə qeyd edildiyini bildirdi. Xalqımızın bu hüzünlü günündə hər zaman bizə mənəvi dəstək verən türkiyəli dost və qardaşlarımıza təşəkkürünü çatdırdı. 1990-cı ildə Azərbaycanda yaranan siyasi-ictimai vəziyyətə diqqət çəkən səfirimiz, o zaman da el ağsaqqalı Heydər Əliyevin Moskvadakı səfirliyimizə gələrək, SSRİ rəhbərliyinin bu addımına qarşı sərt etiraz səsini yüksəltdiyini nəzərə çarpdırdı. Azərbaycan xalqının iki gün bundan öncə ümummilli liderimiz Heydər Əliyevin vəfatının 40-cı gününü andığını vurğulayan səfir müstəqilliyimiz uğrunda şəhid olan vətəndaşlarımızın və həyatını Azərbaycanın güclənməsi və inkişafına həsr edən ulu öndərin əziz xatirəsinin daima xalqımızın qəlbində yaşayacağını söylədi. Tədbirdə söz alan Türkiyənin sabiq mədəniyyət naziri, Əhməd Yasəvi vəqfinin sədri, ölkənin tanınmış siyasi xadimi Namik Kəmal Zəybək iki ölkənin ənənəvi dostluğundan, bir millətin müştərək mədəniyyətindən, tarixindən ətraflı söhbət açdı. Namik Kamal Zeybək mədəniyyət naziri olduğu zaman İstanbulda arxivdə ərəb hərfləri ilə yazılan Osmanlı dövlətinə aid bir sənəd gördüyünü dedi. Bu sənədə əsasən Osmanlı dövlətində yetim uşaqlara yataqxana inşası üçün Azərbaycan xalqının könüllü şəkildə pul yığdığı və İstanbula göndərdiyi yazılmışdır. Bu fakta diqqət çəkən Namik Kamal Zeybək Azərbaycan xalqının bundan sonra da dəfələrlə Türkiyəyə yardım göstərdiyini dilə gətirdi. Tədbirdə çıxış edən TÜRKSAV (Türkiyə yazıçılar və sənətçilər vəqfi)-in sədri, şair Yəhya Akəngin, Türkiyə-Azərbaycan dostluq cəmiyyətinin sədr müavini Egə Aslan, “Salamoğlu şirkətlər qrupunun” sədri, iş adamı Fərhad Salamoğlu qanlı Yanvar faciəsinin, şəhidlərin əziz xatirəsinin türk xalqının da qəlbində daima yaşayacağına inandıqlarını bildirdilər. Ankarada təhsil alan kursantlarımız “Qanlı gecə” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Yanvarın 20-də İstanbulun “Uyqulama” mehmanxanasının konfrans salonunda 20 Yanvar faciəsinin 14-cü ildönümü ilə əlaqədar xatirə gecəsi keçirilmişdir. Gecəni giriş sözü ilə İstanbuldakı baş konsulumuz İbrahim Yaqubov açmışdır. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra “20 Yanvar” və “Erməni terroru” adlı sənədli filmlər nümayiş etdirilmişdir. Xatirə gecəsində Türkiyə-Azərbaycan dostluq və həmrəylik cəmiyyətinin üzvü Ülviyyə Qasımova, professor Camal Anadol, professor Mehmed Saray ürək sözlərini söyləmişlər. İstanbulda təhsil alan tələbələrimiz ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.