TÜRKİYƏDƏ İNSAN QAÇAQÇILIĞI İLƏ CİDDİ MÜBARİZƏ APARILIR
Türkiyənin coğrafi mövqeyini nəzərə alsaq, bu ölkə Asiyadan Avropaya qeyri-qanuni insan qaçaqçılığı üçün cazibəli hala gəlmişdir. İnsan tacirləri Türkiyəni tranzit ölkə kimi istifadə edir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, vəziyyət Türkiyənin hüquq mühafizə orqanlarının ciddi narahatlığına səbəb olmuşdur. Son zamanlar Türkiyənin polis və jandarm qüvvələri insan qaçaqçılığı ilə mübarizədə bir sıra uğurlu əməliyyatlar həyata keçirmişdir. Jandarm qüvvələri Çanaqqala vilayətinin Heyvalıq rayonunda bir yük avtomobilini saxlamışlar. Yük maşınında qanunsuz yolla Türkiyəyə gələn 14 somalili, 8 konqolu və 4 mavritaniyalı aşkar olunmuşdur. Həmin əcnəbilər qeyri-leqal yolla Heyvalıq limanından gəmi ilə Yunanıstan adalarının birinə göndəriləcəkdir. Hadisə ilə əlaqədar istintaq aparılır. Əcnəbilərin Türkiyəyə nə yolla gəldiyi araşdırılır.