Türkiyədə tətbiq olunan “Təhlükəsiz turizm sertifikatı” proqramı çərçivəsində konfrans keçirilib
İstanbul, 23 may, AZƏRTAC
Türkiyədə akreditə olunmuş xarici media təşkilatlarının nümayəndələri və burada fəaliyyət göstərən 90 ölkənin səfirlərinin iştirakı ilə qardaş ölkədə tətbiq olunan “Təhlükəsiz turizm sertifikatı” proqramı çərçivəsində konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Antalya vilayətində keçirilən tədbir “Etibarlı turizm indi daha etibarlıdır” şüarı altında baş tutub. Konfransın əsas məqsədi keçən il start verilən “Təhlükəsiz turizm sertifikatı” layihəsinin bir illik yekunları ilə ictimaiyyəti tanış etmək və yeni təhlükəsiz turizm sezonuna start verməkdir.
Tədbirdə çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy pandemiya dövründə ölkənin bütün qurumlarının bu sahədə fəaliyyətlərinin koordinasiyası nəticəsində yüksək göstəricilərin əldə edildiyini bildirib. Ölkə üzrə yoluxma sayları haqqında danışan nazir son görülən tədbirlərin nəticəsi olaraq bu göstəricilərin 80 faizə qədər azaldığını, gündəlik 9000-ə çatdığını, hədəfin isə gündəlik 5000-dən də aşağı rəqəmə düşürülməsi olduğunu deyib. Turizm zonalarına gəldikdə isə bu bölgələrdə gündəlik yoluxma sayı daha da aşağı düşüb. Bildirilib ki, keçən il turizm sezonu ərzində Türkiyə təxminən 16 milyon turisti qəbul edib və builki hədəflər bu sayı daha da yüksəltməkdir.
Qeyd edək ki, adıgedən layihənin əsas məqsədi pandemiya dövrü, eləcə də postpandemiya zamanında Türkiyəyə gələn turistləri təhlükəsiz şəkildə ölkədə qonaq etməkdir. Keçən il başladılan sertifikatlaşdırma proqramına daxil olan şirkətlərin və nəqliyyat vasitələrini sayı ötən bir il ərzində 500 dən 9800-ə yüksəlib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul