Türkiyədə türk və Azərbaycan diasporlarının birgə fəaliyyət planı hazırlanmışdır
Ankara, 16 aprel (AZƏRTAC). Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərliyi ilə Xaricdəki Türklər və Əqrəba Topluluqları İdarəsi cari ilin sentyabrında Ankara və İstanbulda dünyanın müxtəlif ölkələrindəki türk və Azərbaycan diasporlarının birgə toplantısını keçirəcəkdir.
İdarədən bildirmişlər ki, mindən çox dərnək və təşkilatın nümayəndələrinin iştirak edəcəkləri toplantılarda qondarma erməni iddialarına qarşı iki qardaş ölkənin diaspor təşkilatlarının birgə fəaliyyət proqramı müzakirə olunacaqdır.
Fəaliyyət proqramı xarici ölkələrdə erməni iddialarının yalan olması ilə bağlı təbliğat aparılması, bu işə dünyanın tananmış alim, yazıçı, iş adamlarının cəlb olunması, internetdəki axtarış saytlarında ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri qətliamların müxtəlif dillərdə daha çox yer alması, diaspor təşkilatlarının yerləşdikləri ölkələrdəki qeyri-hökumət təşkilatları ilə daha sıx əlaqələr qurulması, bu ölkələrdə hüquq mərkəzlərinin qurulması vasitəsilə haqq işimizin daha çox hüquqi müstəvidə müdafiə olunması kimi maddələri ehtiva edir.
Diaspor təşkilatlarının ilk toplantısının tarixi sentyabrın 15-nə təsadüf edəcəkdir. 1918-ci il sentyabrın 15-də Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya daxil olmuş və Azərbaycanın müstəqilliyinin qazanılmasında həlledici rol oynamışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara