Türkiyədən Antarktikaya növbəti elmi-araşdırma səfəri başlayıb

İstanbul, 8 fevral, Günel Karatepe, AZƏRTAC
Türkiyənin elm adamlarının Antarktikaya doqquzuncu elmi-tədqiqat səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, alimlərin İstanbul hava limanındakı yolasalma mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır iştirak edib.
Türkiyənin indiyədək Antarktikaya 8, Arktikaya isə 4 olmaqla, ümumilikdə, 12 Milli Qütb Elmi Səfərinin həyata keçirildiyini xatırladan nazir ölkənin bu səfərlər sayəsində əldə etdiyi elmi, strateji və texnoloji nailiyyətlərə toxunaraq, bu tədqiqatlar nəticəsində 243 elmi nəticə, 40 magistratura və doktorantura dissertasiyasının hazırlandığını bildirib.
O deyib: “Türkiyə olaraq meteoroloji, peyk mövqeləndirmə, seysmik, hava keyfiyyəti və aerozol izləmə stansiyalarını coğrafi mövqeyimizə ən uzaq bölgə olan Antarktikada qurduq. Ölkəmizdə qütb araşdırmalarını əlaqələndirən və 2019-cu ildə TÜBİTAK nəzdində təsis etdiyimiz Qütb Araşdırmaları İnstitutumuz Antarktikada seysmik və meteoroloji müşahidə işlərini fasiləsiz davam etdirir. Təbii ki, strateji bir missiya kimi qəbul etdiyimiz qütb səfərləri, eyni zamanda, son illərdə həyata keçirdiyimiz aktiv elm diplomatiyasının ən parlaq nümunələrindən biridir”.
Bildirilib ki, indiyədək Türkiyənin bu səfərlərində yerli elm adamları ilə yanaşı, 13 ölkədən 22 əcnəbi tədqiqatçı iştirak edib.