Türkiyəli sənət nümayəndələri Qusar şəhərinin qonağı olub VİDEO
Qusar, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyasının (ASKEF) 50-yə yaxın üzvü iyulun 10-da Azərbaycanın şimal qapısı sayılan Qusar şəhərinin qonağı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəsmiləri nümayəndə heyətinin üzvlərinə rayon haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur.
Sonra Qusarın Mədəniyyət sarayına gələn qonaqlara şimal bölgəsində yaşayan azsaylı xalqların folklor nümunələrindən ibarət konsert, milli-mənəvi dəyərləri, adət-ənənələri, yerli əhalinin yaşam tərzini təbliğ edən sərgi təqdim olunub.
Tədbirdə çıxış edənlər bildirib ki, Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyası mədəniyyət və sənət dərnəklərinin birgə əməyi nəticəsində yaranıb. Təşkilat dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə görüşmək, mədəniyyət və sənəti inkişaf etdirmək, birgə fəaliyyət istiqamətində bir sıra addımlar atır.
Qusara gələn nümayəndə heyətinin tərkibinə rəssamlar, şairlər, yazıçılar, fotoqraflar və həkimlər daxildir. Məqsəd eyni soydan olan insanlarla görüşmək, birliyin daimi olması üçün könül bağlılığını təmin etməkdir.
Bu kimi tədbirlərin türk dünyasındakı mədəni əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu bildirilib.
Milli rəqslər, folklor nümunələri, həmçinin Qusar Dövlət Ləzgi Dram Teatrı aktyorlarının ifasında təqdim olunan səhnələr türkiyəli qonaqlar tərəfindən maraqla qarşılanıb.