Türkiyəli yazarlar Azərbaycan ilə ədəbi-mədəni əlaqələrin inkişafında töhfələrinə görə mükafatlandırılıblar
Bakı, 18 mart, AZƏRTAC
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, iclasda institutun əməkdaşları ilə yanaşı, Türkiyədən Sərhat Kabaklı, İmdat Avşar, Bəxtiyar Aslan və digər yazıçılar iştirak ediblər.
İclası Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan ilə ədəbi-mədəni əlaqələrin inkişafında verdiyi töhfələrə görə qonaqların institut tərəfindən mükafatlandırıldığını bildirib. İ.Həbibbəyli 50 ilə yaxın fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin həyata keçirdiyi işlərə və “Türk ədəbiyyatı” dərgisinin Azərbaycanla bağlı nəşr tarixinə nəzər salıb. Qeyd edib ki, sovet dövründə Əhməd Kabaklının, müstəqillik dövründə Sərhat Kabaklının rəhbərliyi ilə dərginin Azərbaycanla əlaqələri daha da genişlənib. Dərgi Azərbaycan Yazıçılar Birliyi, “525-ci qəzet” və Ədəbiyyat İnstitutu ilə uğurlu əməkdaşlıq edir.
Azərbaycan ədəbiyyatının təbliğində gördüyü böyük işlərə görə Sərhat Kabaklı və İmdat Avşar “Ədəbiyyat İnstitutunun fəxri dostu” adına layiq görülüb. Bəxtiyar Aslan isə ədəbiyyat sahəsindəki xidmətlərinə görə “İlin alimi - 2020” seçilib.
Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də təbriklərə qoşulub. İki il öncə Bakıda Türk Ədəbiyyatı Vəqfinə həsr edilmiş böyük tədbir keçirildiyini xatırladıb.
İclasda çıxış edən Sərhat Kabaklı, İmdat Avşar və Bəxtiyar Aslan xalqımızı Vətən müharibəsindəki Qələbə münasibətilə təbrik edib, “Türk ədəbiyyatı” dərgisinin bir sayının Nizami Gəncəviyə həsr ediləcəyini söyləyiblər.
Digər çıxış edənlər qonaqların Ədəbiyyat İnstitutu tərəfindən mükafatlandırılmasının iki ölkə arasında ədəbi əlaqələrin daha da inkişafına töhfə verəcəyini bildiriblər.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli gündəlikdəki elmi-təşkilati, çap, müsabiqə və digər məsələlər barədə məlumat verib.
İclasda Nizamişünaslıq şöbəsinin müdiri Nüşabə Araslı 80, dosent Solmaz Həyatova isə 70 illik yubileyləri münasibətilə fəxri fərmanla təltif ediliblər.