DÜNYA
TÜRKİYƏNİN AVROPA BİRLİYİNƏ QƏBUL EDİLMƏSİ AVROPA İLƏ İSLAM DÜNYASI ARASINDA KÖRPÜ OLACAQ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Böyük Britaniyanın xarici işlər naziri Cek Strou martın 24-də bəyan etmişdir ki, Avropa Birliyinə daxil olmağa çalışan Türkiyə qarşısındakı öhdəliklərin yerinə yetirilməsi Avropanın İslam dünyası ilə münaqişənin qaçılmazlığı haqqında uydurmaya son qoymaq qabilliyyətini sınağa çəkəcəkdir.
Cənab Strou terrorizm probleminə həsr olunmuş geniş nitqində avropalıları Madrid hadisələrindən sonra sıx birləşməyə çağırmış, İspaniyada hakimiyyətə gələn sosialistlərin siyasətini tənqid etmişdir. O demişdir ki, bundan sonra antiiraq koalisiyasında iştirakdan imtina etmək ABŞ-la yanaşı, Avropa dövlətlərinin də daxil olduğu “transatlantik blokun” sıralarına təfriqə salmaqla, “Əl-Qaidə”nin fəaliyyətinə rəvac verə bilər. Nazir həmin blokun yəhudi-xristian bloku olmadığını göstərmək üçün müsəlman ölkəsi olan Türkiyəni Avropa Birliyində görmək istərdi.