Türkiyənin Dənizli şəhərindəki Qarabağ Parkında Şuşadan gətirilən torpaqda ağac əkilib
Dənizli, 23 fevral, AZƏRTAC
Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar “Xocalı-Ədalətin unudulduğu yer!” şüarı altında Türkiyənin Dənizli şəhərində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dənizlidəki Qarabağ Parkında ucaldılmış Xocalı soyqırımı abidəsi önündə keçirilən mərasimdə diplomatlar, yerli hakimiyyət orqanlarının rəsmi təmsilçiləri və ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, Dənizli valisinin müavini Adem Uslu çıxış ediblər.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin geniş yer aldığı çıxışlarda diqqətə çatdırılıb ki, erməni millətçi dairələri ötən 150 ildən artıq zaman kəsiyində xalqlarımıza və dövlətlərimizə qarşı fasiləsiz olaraq cinayət əməlləri törədiblər. Xocalı soyqırımı bu cinayətlərin ən amansızları sırasındadır.
Çıxışlarda tarixi faktlara müraciət edən natiqlər vurğulayıblar ki, onilliklər boyu saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətinə yalanlar danışan erməni lobbisi və onların havadarları bilməlidirlər ki, Xocalı soyqırımı həqiqətlərin güzgüsüdür. Xocalı soyqırımı erməni faşizminin iç üzünü açan bəşəri cinayətdir.
Xocalı soyqırımı abidəsi önünə tər çiçəklər düzülüb, Qarabağ Parkında əkilmiş ağacın dibinə Şuşadan gətirilmiş torpaq tökülüb. Əminliklə ifadə olunub ki, burada əkilib “Şuşa” adının verildiyi ağac Qarabağ Parkını ziyarət edən hər kəsdə qardaşlıq duyğularını daha da yüksəldəcək.
Bəhs olunan mərasim Azərbaycanın Türkiyədəki səfirliyi və Dənizli Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Dənizli