Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7 VİDEO

Kahramanmaraş, 19 iyun, AZƏRTAC

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan.

Sayın tədbir iştirakçıları, əziz kahramanmaraşlılar.

İlk növbədə sizə Azərbaycan xalqının ən səmimi salamlarını çatdırıram. 2023-cü il fevralın 6-dakı dəhşətli zəlzələ nəticəsində həlak olmuş, həyatını itirmiş bütün bacı-qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirəm.

Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.

Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərmiş və dərhal işə başlamışdır. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərmişdir.

Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür.

Qarabağ məsələsində də qeyd etdiyiniz kimi, biz əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə, bir yerdə idik. Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi dəstək, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatıb. Biz tarixi ədaləti bərpa etdik və bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır.

“Azərbaycan” məhəlləsinin yaradılması da çox gözəl hadisədir, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur. Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir.

Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir.

Bu gün ilk dəfə olaraq bu gözəl diyarı ziyarət edirəm. Mən Türkiyənin bir çox yerində olmuşam. Gözəl Türkiyənin gözəl təbiətini görmüşəm. Burada da, qədim türk torpağı Kahramanmaraşda olmağımdan da çox məmnunam. Kahramanmaraşlılar dəhşətli zəlzələ ilə üz-üzə qalaraq öz iradələrini göstərdilər, sınmadılar, əyilmədilər. Bilirdilər və inanırdılar ki, onların arxasında güclü lider Rəcəb Tayyib Ərdoğan dayanır. Onların arxasında güclü Türkiyə dayanır. Bu, təbii ki, bir daha kahramanmaraşlıların nə qədər öz doğma xalqına, liderinə, dövlətinə bağlı olmasını göstərir.

Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var.

Yaşasın Türkiyə! Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı!

x x x

Sonra Türkiyə Respublikasının Prezidenti çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın
çıxışı

-Əziz qardaşım, cənab Prezident İlham Əliyev.

Hörmətli qonaqlar, əziz kahramanmaraşlılar.

Digər əyalətlərimizdəki hörmətli qardaşlarım.

Sizi ən səmimi duyğularımla, həsrətlə, sevgi ilə salamlayıram.

Buradan sizin vasitənizlə məhəllələri, rayonları və evləri ilə bütün Maraşa salamlarımı, ehtiramımı göndərirəm. Eyni qaydada, canlı bağlantı ilə hazırda bizi izləyən vətəndaşlarımı da Maraşdan hörmətlə salamlayıram. Açılışını etdiyimiz “Azərbaycan” məhəlləsinə töhfə verən Can Azərbaycandakı on milyon bacı-qardaşlarımızı hörmətli dostum, qardaşım Prezident İlham Əliyevin şəxsində ürəkdən salamlayıram.

Sizin qarşınızda İlham qardaşıma və hörmətli heyətinə ikinci evləri olan Türkiyəyə "Xoş gəldiniz!" deyirəm. Belə mənalı və bizim üçün əlamətdar bir mərasimlə əlaqədar onları Maraşda qəbul etməkdən məmnunluq duyuruq.

Bəli, bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin.

İlham qardaşıma və heyətinə kahramanmaraşlılar adından təşəkkür edirəm. Burada, ilk növbədə, bunu vurğulamaq istəyirəm: Türkiyə ilə Azərbaycan arasındakı tale birliyinin ən konkret nümunələrindən biri açılışını etdiyimiz mənzillərdir. Bilirsiniz, 2023-cü il fevralın 6-da tariximizin ən böyük təbii fəlakətlərindən birini yaşadıq. Keçmişdən bu günə bir çox kədərli xatirələrimiz oldu. Ancaq həmin gün 11 əyalətimizdə gördüyümüz fəlakət və dağıntılar hamısından ayrı idi, 12 min 796-sı Maraşda olmaqla 53 min 735 canımızı torpağa tapşırdıq. Rəbbim bizə belə bir faciəni bir daha yaşatmasın. Fürsətdən istifadə edərək, zəlzələdə həyatını itirən bacı-qardaşlarımıza bir daha Allahdan rəhmət, digər bacı-qardaşlarıma səbir diləyirəm.

Şükür olsun, zəlzələnin ilk anından etibarən inancımızı itirmədik. Yaşadığımız imtahan qarşısında bir gün belə ümidsizliyə qapılmadıq. Millətimizlə könül-könülə verdik və sürətlə özümüzü topladıq.

Əlbəttə, əziz qardaşlar, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var.

“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Zəlzələ nəticəsində dağılan bu məhəllə indi Azərbaycanın dəstəyi ilə yenidən canlanır. İlham qardaşımın da daim nəzarətdə saxladığı bu layihə burada məskunlaşacaq qardaşlarımıza etibarlı, firavan yuva, görənlərin həsəd aparacağı, özünə heyran qoyacağı bir əsər olacaq, inşallah. Təkcə evləri ilə deyil, parkları, bağları, mədəniyyət mərkəzi, Heydər Əliyev adına orta məktəbi ilə bura Türkiyə yüzilliyinin qabaqcıl şəhərlərinə yaraşacaq bir yaşayış sahəsi olaraq dirçəldilir. Hazırda burada ümumilikdə 2778 mənzilin, mağazanın və ofisin inşası sürətlə davam edir. Bu gün artıq layihələrimizin demək olar ki, yarısını başa çatdırdıq. İnşallah, ilin sonuna qədər qalan işlərimizi də başa çatdırıb öz sahiblərinə təhvil verəcəyik.

Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, - istər Anadoluda, istər Azərbaycanda olsun, - türkün alın təri, səmimiyyəti və duası vardır. Rəbbim onlardan razı olsun. Fəhləsindən mühəndisinədək əməyi keçən hər bir qardaşıma, azərbaycanlı qardaşlarımızın hamısına təşəkkürlərimi bildirirəm. Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinə və Mənzil İnşaatı İdarəmizin rəhbərliyinə ayrılıqda şəxsən öz adımdan və millətim adından təbriklərimi çatdırmaq istəyirəm. Məhəlləmizin sakinlərinin yeni evlərində firavanlıqla, cansağlığı və könül xoşluğu ilə gözəl günlərdə şad-xürrəm yaşamalarını arzu edirəm.

Əziz maraşlılar, çox hörmətli qonaqlar, buradakı kimi layihələrlə "Əsrin fəlakəti"ndə dağılan şəhərlərimizə ümid, gələcəyimizə güvən verəcək yeni şərait yaradırıq. Mənzil layihələri ilə yanaşı, sosial təminat sahələri, infrastruktur layihələri ilə yeni yaşayış sahələri qururuq. Tarixi əraziləri öz əslinə uyğun şəkildə yenidən canlandırırıq. Kahramanmaraşda, Qapalı çarşıda qeydiyyatda olan mədəniyyət abidələrimizi təmir edir, tarixi Dəmirçilər çarşısında iş yerləri inşa edirik. Adıyamanda tarixi şəhər meydanımızı, Malatyada Şire bazarını, Kuyumcular, Yüzüncü il və Bakırcılar çarşılarını, Hatayda Uzun çarşını, Habib-i Neccar məscidimizi, yüzlərlə illik Kamal Paşa və Qurtuluş prospektlərini tarixi görkəminə uyğun olaraq dirçəldirik.

Dünyadakı və bölgəmizdəki şərtlər nə olursa-olsun, bizim prioritetimiz bəllidir. Biz hökumət olaraq ən qısa müddətdə "Əsrin fəlakəti"nin şəhərlərimizdə açdığı yaraları sarımaq dərdindəyik. İqtidarımızın heç bir dövründə millətimizə xəyal qırıqlığı yaşatmadıq. Seçki meydanlarında verdiyimiz sözləri, inşallah, burada da yerinə yetirəcəyik.

İnşallah, bu anlayışla zəlzələ bölgəsini nəhəng tikinti meydanına çevirdik. İnanın, heç bir ölkə belə böyük təbii fəlakətin altından bu qədər sürətli şəkildə qalxa bilməz. Fəlakətin ilk günündən indiyədək demək olar ki, bir Avropa ölkəsi böyüklüyündə ərazini inşa etdik. On bir əyalətimizdə qurulan inşaat meydanlarında yüz minlərlə memar, mühəndis və fəhlə qardaşımız gecə-gündüz işlədi. “Əsrin inşa”sı çərçivəsində təhvil verdiyimiz evlərin sayı hər ötən gün artır. Siz də görürsünüz, müxalifət tamamilə özlərinin daxili çəkişmələri ilə məşğul olarkən biz infrastrukturu və yüksəkkeyfiyyətli işlərlə başa çatdırdığımız mənzilləri öz sahiblərinə təhvil veririk. İstismara verdiyimiz mənzil, kənd evi və iş yerinin sayını sentyabrda 100 minə, oktyabrda 130 minə, noyabrda 155 minə, yanvarda 201 minə çatdırdıq. Bu gün bu rəqəmi 250 minə çatdırırıq.

Bir azdan birbaşa bağlantı ilə həyata keçirəcəyimiz püşkatmada Hatayımızda 21 min 114 mənzil və 1125 iş yeri, Malatyamızda 8064 mənzil və 1097 iş yeri, Adıyamanımızda 3554 mənzil və 1723 iş yeri, Qaziantepimizdə 675 mənzil, Diyarbəkirimizdə 2636 mənzil, Adanamızda 490 mənzil, Şanlı Urfamızda 1263 mənzil, Elazığımızda 1429 mənzil, Osmaniyemizdə 1336 mənzil, Kilisimizdə 105 mənzil, Sivasımızda 85 mənzil, Kayserimizdə 49 mənzil, Kahramanmaraşımızda 3567 mənzil və 744 iş yeri olmaqla, ümumilikdə, 49 min 56 mənzil və mağazanı sahiblərinə təhvil verəcəyik. Hədəfimiz 2025-ci ilin sonunadək 453 min mənzil və obyektin inşasını başa çatdırmaqdır.

İndiyədək zəlzələ bölgəmizə 2 trilyon lirədən çox sərmayə yatırdıq. Əsrin fəlakəti tamamilə aradan qalxsın deyə 2025-ci il büdcəmizdə 584 milyard lirə vəsait ayırdıq. İlin sonunda bütün şəhərlərimizi yenidən ayağa qaldırmağı, geridə yarımçıq qalan bir hekayə də buraxmamağı hədəfləyirik. Müxalifət anlamasa da, yaşadığımız proses milli mücadiləyə bərabərdir. Biz Allahın izni ilə bu mübarizəni alın ağlığı ilə aparırıq.

Nə deyirdilər? Hökumət bu dağıntının altından qalxa bilməz. Bu acgözlərə baxmayaraq, əzmlə, səbirlə, qətiyyətlə çalışırıq. Həmişə deyirəm, hər kəsin dənizi üfüqü qədərdir. Hər seçki dövründə böyük-böyük atıb-tutan, indi zəlzələ bölgəsinin yolunu belə xatırlaya bilməyənlərin üfüqü də ancaq sandıqları qədərdir. İşləri bitdikdə, təəssüf ki, millət ağıllarına da gəlmir. Kreslo davasından, gəlir mübarizəsindən başlarını belə qaldıra bilmirlər. Həqiqətən də acınacaqlı haldadırlar.

Qardaşlarım, bizim kompasımız heç vaxt müxalifət olmadı. Biz 23 ildir olduğu kimi, yenə də ancaq işimizə baxırıq. Onlar ümidsizlik yayacaq, biz isə zəlzələdən əziyyət çəkən qardaşlarımızın ümidi, yoldaşı, tale dostu olacağıq. Onlar "Bacarmayacaqsınız" deyəcək, biz şəhərlərimizi hamımız birlikdə daha güclü şəkildə ayağa qaldıracağıq. Onlar mane olacaq, biz ya bir yol tapıb, ya da bir yol açıb maneələrin öhdəsindən gələcəyik. Onlar didişərkən, dava edərkən, boş-boş işlərlə günlərini keçirərkən, biz Kahramanmaraşla birlikdə bütün Türkiyəyə sevgi ilə xidmət edəcəyik. Səksən altı milyon olaraq hamımız birlikdə güclü sabahlara addımlayacağıq.

Ümidvar olmağımız üçün əlimizdə bir çox səbəbimiz var. Baxın, bunun ən gözəl örnəyi Kahramanmaraşın "İstiqlalspor"udur. 6 fevraldan əvvəl həvəskar liqada mübarizə aparan bu idman klubumuz zəlzələdə 14 idmançısını itirib. Futbol Federasiyası tərəfindən üçüncü liqaya alınan klubumuz fəaliyyətinə bir il ara vermişdi. Keçən il futbolda ikinci liqaya, basketbolda birinci liqaya yüksəldi. Onları təbrik edir, uğurlarının davamlı olmasını diləyirəm. Oxşar uğur nümunələrinin zəlzələdən təsirlənən digər əyalətlərimizdə də olduğunu çox yaxşı bilirəm.

Qardaşlarım, sizlərlə Kahramanmaraşın övladı rəhmətlik Abdülrahim Karakoçun Xocalı qətliamından dərhal sonra Qarabağa həsr etdiyi duyğu dolu misralarla sağollaşmaq istəyirəm:

Bəxtinə ağlayan Azəri qızı,
Sən Qarabağ deyirsən, mən Qarayazı.
Boşluqda çırpınır Türkün avazı,
Sanma ki, dərdlərin azı bizdədir,
Sizdəki yaranın özü bizdədir.
 
“Gəl, qardaş” deyirsən, gələcək yol yox,
Şəhidlər qəbrinə qoyacaq gül yox.
Çiləsiz saat yox, davasız il yox.
Güllələr sizdədir, ağrı bizdədir,
Sizdəki yaranın özü bizdədir.
 
Belə gəlib, belə getməz bu oyun,
Zalımları islah etməz bu oyun,
Umduqları kimi bitməz bu oyun.
Məzlumun çörəyi-duzu bizdədir.
Sizdəki yaranın özü bizdədir.
 

Bəli, mərhum şairimiz bundan otuz il əvvəl "Belə gəlib, belə getməz" demişdi. Rəbbim İlham qardaşımın Ali Baş Komandanlığı ilə tam otuzillik işğalın və zülmün ardından Qarabağın azadlığına qovuşduğunu bizlərə göstərdi. Üç həftə əvvəl 28 May - Müstəqillik Günü münasibətilə Laçında idik. Füzuli və Zəngilandan sonra Laçın Beynəlxalq Hava Limanını da İlham qardaşımla birlikdə istifadəyə verdik. İşğaldan azad edildikdən sonra Qarabağın hər tərəfində inkişaf və bərpa işləri sürətlə davam edir. Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması ilə, inşallah, bu işlər daha da sürətlənəcək.

Allah Azərbaycan ilə birliyimizi və diriliyimizi daimi etsin! Bu düşüncələrlə Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi diləklərimlə bir daha təbrik edirəm. Zəlzələ nəticəsində itirdiyimiz canları bir daha rəhmət və ehtiramla yad edir, İlham Əliyev qardaşımın şəxsində Azərbaycan xalqına həmrəyliyi, dəstəyi və duaları üçün ən səmimi təşəkkürlərimi bildirirəm.

Püşklərini atacağımız yeni mənzil və iş yerlərimizin bir daha xeyirli olmasını diləyir, mənzillərin inşasında əməyi keçən Ətraf Mühit Nazirliyimizi, Mənzil İnşaatı İdarəmizi, Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Birliyimizi, xeyriyyəçilərimizi və bütün qardaşlarımı təbrik edirəm.

Hamınızı bir daha hörmətlə, sevgi ilə salamlayır, Allaha əmanət edirəm. Sağ olun, var olun, salamat qalın!

x x x

Daha sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsində inşa olunacaq mədəniyyət mərkəzinin onlayn formatda təməlini qoydular.

Zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində inşa edilmiş Heydər Əliyev adına ibtidai məktəbdə və uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Azərbaycan və Türkiyənin dövlət başçılarını balacalar böyük sevinclə qarşıladılar.

Sonra prezidentlər məktəbin müəllim və şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” mahnısını dinlədilər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan məktəbin 4-cü sinfini bitirən şagirdlərə qiymət cədvəllərini təqdim etdilər. Dövlət başçıları tərəfindən şagirdlərə, həmçinin məktəbli çantaları hədiyyə olunub.

Üçmərtəbəli müasir məktəb və uşaq bağçası binasında 20 ibtidai sinif otağı, 3 uşaq bağçası otağı var. Burada təhsilə dəstək məqsədilə əlavə otaqlar da uşaqların ixtiyarına verilib. Binada zəruri tədris materialları ilə təchiz olunmuş fənn otaqları, musiqi, rəsm, əmək dərslərinin keçirilməsi üçün otaqlar, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün emalatxanalar yaradılıb.

x x x

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu.

Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi.

Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib YENİLƏNİB - 7  VİDEO

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub