Türkiyənin Manisa şəhərində Xocalı qurbanlarının xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Manisa şəhər bələdiyyəsi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbiri Manisa şəhərinin mərkəzində 15 İyul - Demokratiya Meydanında keçirilib. Anım mərasimində rəsmi dövlət qurumlarının və müxtəlif siyasi partiyaların nümayəndələri iştirak ediblər.
Tədbirdə Manisa və İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəklərinin sədrləri Yalçın Daşdəmir və Mülazim Pasha çıxış ediblər. Çıxışçılar ermənilərin dinc əhaliyə qarşı törətdiyi amansız cinayətdən bəhs ediblər. Qeyd ediblər ki, Xocalı soyqırımı dünyada XX əsrdə baş vermiş ən böyük faciələrdən biridir. Erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da 613 günahsız insan qətlə yetirilib. Xocalı qətliamından 28 il keçməsinə baxmayaraq, hələ də bu faciənin səbəbkarlarının mühakimə olunmaması çox böyük ədalətsizlikdir. Dərnək sədrləri əlavə edib ki, Xocalı faciəsinin səbəbkarları cəzalarını almayanadək bu məsələ bağlanmayacaq. Bu yara hər zaman olduğu kimi açıqdır və faciənin səbəbkarları cəzasını almadan sağalmayacaq.
Sonda Manisa şəhər bələdiyyəsi tərəfindən tədbirin təşkil olunduğu mərkəzi meydanda Xocalı qurbanlarının adına dualar oxunub və ehsan verilib.