SİYASƏT
Türkmənistan mətbuatı Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən Zirvə görüşündən yazıb
![](/files/galleryphoto/2020/2/1200x630/15886312292388251001_1200x630.jpg)
![](/files/galleryphoto/2020/2/1200x630/15886312292496518743_1200x630.jpg)
Aşqabad, 5 may, AZƏRTAC
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Türkmənistan mətbuatında və televiziyasında geniş yer alıb.
AZƏRTAC xəbər verir ki, Türkmənistanın dövlət xəbər agentliyi “TDH”, “Orient.tm”, “Türkmenistan.gov.tm” saytlarında tədbir haqqında məqalələr və dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovun çıxışı dərc edilib.
Ölkənin “Aşgabat”, “Turkmenistan”, “AltynAsyr” televiziya kanallarında Zirvə görüşü yayımlanıb.
Türkmənistan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində üzv ölkələrin epidemiyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirmələri üçün bir proqram sənədinin qəbul edilməsini təklif edib.
Prezident Qurbanqulu Berdiməhəmmədov bəşəriyyətin bu gün üzləşdiyi ən kəskin problem olan COVID-19-a qarşı mübarizəyə həsr olunmuş hazırkı Sammitin çağırılması təşəbbüsünə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Qoşulmama Hərəkatı çərçivəsində, epidemiya ilə mübarizədə üzv dövlətlərin həmrəyliyinin təməl prinsiplərini özündə cəmləşdirən bir proqram sənədini, habelə onların qarşısının alınması və aradan qaldırılmasına yönəlmiş tədbirlər toplusunu hazırlamağı və qəbul etməyi təklif edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad