SİYASƏT
TÜRKMƏNİSTANDA YAŞAYAN SOYDAŞLARIMIZ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNÜ QEYD ETMİŞLƏR
Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 28-də səfirlikdə Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə tədbir keçirilmişdir.
Səfirliyin müvəqqəti işlər vəkili V.Sultanzadə ümummilli lider Heydər Əliyev tərəfindən təsis edilmiş bu günün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıları bir yerə toplamaq sahəsində xüsusi əhəmiyyət daşıdığını vurğulamış, hazırda bu istiqamətdə ölkəmizdə görülən işlərdən danışmışdır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar barədə geniş məlumat verilmişdir.
Tədbirdə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciətinin əhəmiyyətindən söhbət açılmış və sənəd iştirakçıların diqqətinə çatdırılmışdır.
Çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın xalqımızın, bütün dünyada yaşayan soydaşlarımızın mənəvi birliyinin rəmzi olduğunu qeyd etmişlər.
Tədbirdə Azərbaycan haqqında sənədli film göstərilmişdir.
Səfirlik tərəfindən mərasimin iştirakçılarına Azərbaycan şirniyyatları təqdim edilmiş, hədiyyələr verilmişdir.