TÜSİAB-IN TİBBİ MÜAYİNƏ KAMPANİYASI
Bu münasibətlə noyabrın 29-da tədris ocağında keçirilən tədbirdə Yasamal Rayon Təhsil Şöbəsi müdirinin müavini Firudin Həmzəyev, 13 nömrəli uşaq poliklinikasının baş həkimi Sədaqət Xudiyeva və başqaları bildirmişlər ki, TÜSİAB-ın üzvü olan Türk-Amerikan Medical Center, Albatros LTD, Asfarma, Astron, Nobel Farma, İstanbul İlac, Avrupa Aptek və Majesty Optik şirkətləri bu kampaniyaya şagirdlərin əsaslı illik tibbi müayinəsinə kömək məqsədi ilə başlamışlar. Kampaniya çərçivəsində şagirdlərinin əksəriyyəti qaçqın və məcburi köçkün ailələrindən olan 286 nömrəli məktəbdə beş gün ərzində 4 minə yaxın uşağın təmənnasız müayinədən keçiriləcəyi, iki gün ərzində həkimlərin artıq 1019 şagirdə baxdığı və onların 15 faizində müxtəlif xəstəliklərin aşkar olunduğu qeyd edilmişdir. Bildirilmişdir ki, bütün şagirdlər müayinədən sonra, xəstə uşaqlar TÜSİAB-ın üzvü olan Türk-Amerikan Medikal Senterdə müasir tibbi avadanlıq vasitəsilə daha ətraflı müayinə və müalicə olunacaqlar. Cari ilin avqustunda TÜSİAB tərəfindən Yasamal rayonunda 250 birinci sinif şagirdinə çanta və digər dərs ləvazimatı hədiyyə olunduğu da diqqətə çatdırılmış, nəcib təşəbbüsə və qayğıya görə onlara minnətdarlıq edilmişdir.
Mərasimdə TÜSİAB-ın üzvü olan şirkətlərin nümayəndələri respublikamızda onlara mehribanlıqla, hörmətlə yanaşıldığını söyləmiş, məktəblilərə gələcəkdə də əllərindən gələn köməyi, qayğını əsirgəməyəcəklərini bildirmişlər.