UCARDA 2005-Cİ İLİN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Müşavirə iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklillər və gül dəstələri qoymuşlar.
Müşavirədə 2005-ci ildə Ucar rayonunda sosial-iqtisadi sahədə görülmüş işlər barədə rayon icra hakimiyyətinin başçısı Arzu Qafurovun hesabat məruzəsi dinlənilmiş, müzakirələr olmuşdur. İştirakçılar qeyd etmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn və Prezident İlham Əliyevin bölgələrə səfərləri zamanı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində ötən il Ucarda xeyli iş görülmüş, 9800 hektarda taxıl, 1821 hektarda pambıq, 125 hektarda çəltik, 345 hektarda kartof, 1890 hektarda tərəvəz, 210 hektarda bostan məhsulları yetişdirilmişdir. Sahələrdən 22277 ton taxıl, 1518 ton pambıq, 130 ton çəltik, 2329 ton kartof, 13674 ton tərəvəz, 1728 ton bostan məhsulları götürülmüşdür. 2004-cü ilə nisbətən ötən il taxıl istehsalı 2012 ton, pambıq istehsalı 238 ton, çəltik istehsalı 24 ton, kartof istehsalı 32 ton, tərəvəz istehsalı 350 ton, bostan məhsulları istehsalı isə 28 ton artmışdır.
Rayon iqtisadiyyatının aparıcı sahələrindən olan heyvandarlıqda da diqqətəlayiq göstəricilərə nail olunmuşdur. Hesabat ilində 1901 ton ət, 23 min 447 ton süd, 8 milyon 201 min ədəd yumurta istehsal edilmişdir ki, bu da inişilkinə nisbətən 15 ton çox ət, 886 ton çox süd, 741 min ədəd çox yumurta deməkdir. Qaramalın sayı 350 baş artaraq 49 min 891 başa, davarın sayı 864 baş artaraq 39 min 217 başa çatdırılmışdır.
Bütün bunları dövlət aqrar siyasətinin uğurlu nəticələri kimi dəyərləndirən natiqlər, aqrar sektorda islahatların növbəti mərhələsini sürətləndirmək, kənd təsərrüfatı məhsullarının istehsalını və rəqabət qabiliyyətini artırmaq, ixrac imkanlarını genişləndirmək sahəsində qarşıda duran vəzifələrdən də ətraflı danışmışlar.
Keçən il yerli sənayenin inkişafı sahəsində xeyli iş görüldüyünü qeyd edən natiqlər vurğulamışlar ki, 2004-cü ildəkinə nisbətən 2617,2 milyon manat çox, yəni 17009,9 milyon manatlıq sənaye məhsulları istehsal edilmişdir. “Ucar-Pambıq”, “Ucar-Konserv” ASC-lər, “Əvəz-Bərəkət” firması və digər istehsal müəssisələri fəaliyyətini get-gedə genişləndirir.
Kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı, yeni istehsal və xidmət obyektlərinin açılması məhsul bolluğu yaratmaqla yanaşı, insanların məşğulluğunun təmin edilməsinə və həyat səviyyəsinin yaxşılaşmasına da imkan yaradır. Təkcə ötən il rayonda 1726 yeni iş yeri açılmışdır. Bunun 215-i təzə yaradılmış, 25-i isə fəaliyyəti bərpa edilmiş istehsal və xidmət obyektlərinin hesabınadır. İl ərzində 1450 nəfər müvəqqəti və mövsümi işlərdə çalışmışdır.
Müşavirədə rayondakı suvarma şəbəkələrinin bərpası və bu sahədə həyata keçirilən tədbirlərdən, şəhər və kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik enerjisi və təbii qazla təminatı sahəsində görülmüş işlərdən və mövcud nöqsanlardan da danışılmışdır.
Məruzə və çıxışlarda təhsil, səhiyyə, mədəniyyət, rabitə sahələrində keçən il xeyli işlərin görüldüyü qeyd edilmiş, habelə nöqsanların da olduğu bildirilmişdir.
Müşavirədə cari ildə qarşıda duran təxirəsalınmaz vəzifələrdən bəhs edilərək belə bir fikir söylənmişdir ki, Prezident İlham Əliyevin “Amalımız da, məramımız da birdir - ölkəmizi möhkəmləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaq” istəyi və bununla əlaqədar gördüyü böyük işlər ucarlılar üçün örnək olmaqla, onların 2006-cı ildə fəaliyyət proqramına çevriləcəkdir.
Nəqliyyat naziri Ziya Məmmədov müşavirədə çıxış etmişdir.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.
Prezidentin İcra Aparatının məsul işçisi Nuriddin Hüseynov və Milli Məclisin deputatı Elton Məmmədov müşavirədə iştirak etmişlər.