MƏDƏNİYYƏT
“Üç dəniz əfsanəsi” filminin təqdimat mərasimi olub








Bakı, 29 sentyabr, AZƏRTAC
Xəzər haqqında çox əfsanələr gəzir. İnanılmaz həqiqətlər, sirr pərdəsi ilə əhatələnmiş nə qədər fərziyyələr yatır bu mavi suların təkində… 30 il əvvələ kimi qara neft sərvətinin azərbaycanlıları ağ günə çıxaracağı da əfsanə sayılırdı. Lakin XXI əsrin astanasında bu xülya gerçəkləşdi. Yalnız ona məxsus nüfuzedici müdrik baxışları ilə qaranlığın sonunda gur işıq seli sezərək, Xəzərin ən böyük əfsanəsini reallaşdıran və özü də əfsanəyə çevrilən Heydər Əliyev tərəfindən...
AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da YAP Yasamal rayon təşkilatında təqdim olunan “Üç dəniz əfsanəsi” filmi bu sözlərlə başlayır.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan filmdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti ilə yanaşı, həm də onun böyük siyasi məzmunundan söhbət açılır. Bildirilir ki, məhz dünyaşöhrətli siyasətçi Heydər Əliyevin çox böyük zəhməti və müdrikcəsinə uzaqgörənliyi sayəsində reallaşan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi həyatında çox mühüm rol oynadı.
Filmdə kəmərin inşası ilə bağlı Heydər Əliyevin verdiyi qərar və həmin illərdəki mürəkkəb tarixi şərait, xaricdən göstərilən təzyiqlərə rəğmən bu prosesdə Azərbaycanın milli maraqlarını qorunub saxlanılması, Bakı-Tbilisi-Ceyhan kəmərinin maliyyələşməsinə mane olan amillər və onun həllinin tapılmasında Heydər Əliyev fenomeninin rolu tarixi faktlarla açıqlanır, “Üç dəniz əfsanəsi”nin hazırkı inkişafından və bu unikal neft strategiyasının Qarabağ düyününün çözülməsindəki rolu diqqətə çatdırılır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Xəzər, Qara dəniz və Ağ dənizi birləşdirən bu tarixi kəməri “Üç dəniz əfsanəsi” adlandırırdı.
Filmdə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun rəhbəri Valeh Ələsgərov, Azərbaycanın 1993-1998-ci illərdə xarici işlər naziri olan Həsən Həsənov və Türkiyənin ADCO neft qatqıları şirkətinin rəhbəri Selçuk Akat Ulu Öndərin layihənin həyata keçirilməsindəki roluna dair xatirələrini bölüşürlər.
Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyi tərəfindən hazırlanıb.
“Üç dəniz əfsanəsi” sənədli filminin ideya müəllifi Ülviyyə Abdullayeva, ssenari müəllifi İlhamə Novruzova, quruluşçu rejissoru Əlihüseyn Məlikov, prodüseri Firuzə Cəlilova, məsləhətçisi Mehriban Alışanovadır.
Təqdimat mərasimində Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əhmədova, Vüqar İskəndərov, Məzahir Əfəndiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və başqaları çıxış edərək, “Üç dəniz əfsanəsi”nin uğurlu ekran həllindən, filmin yaradıcı heyətinin mövzuya uğurlu yanaşma tərzindən və mövzunun ekspert mülahizələri ilə çatdırılmasından danışıblar.