ÜÇÜNCÜ ÇAĞIRIŞ MİLLİ MƏCLİSİN YAZ SESSİYASI İŞƏ BAŞLAMIŞDIR
Sessiyalararası dövrdə parlamentin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi sahəsində mühüm işlər görülmüşdür. Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçın dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olmuşdur. Son illərdə Azərbaycanla Türkiyə arasında əlaqələr bütün sahələrdə sürətli inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan Milli Məclisi arasında əlaqələr qardaş ölkələrimizin münasibətlərinin inkişafında önəmli rol oynayır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri müntəzəm xarakter almışdır.
Milli Məclisin nümayəndə heyətinin səfəri zamanı mühüm danışıqlar aparılmış, bir çox məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin gələcək inkişaf yolları müzakirə edilmişdir.
Sessiyalararası dövrdə parlamentimizin deputatları Fransada, Avstriyada, Türkiyədə, Rusiya Federasiyasında, Ukraynada, Gürcüstanda, Qazaxıstanda səfərlərdə olmuşlar.
Milli Məclisin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. Bu ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan parlamentinin təşkilatdakı nümayəndə heyətinin yeni tərkibinin mandatı təsdiq edilmişdir. Nümayəndə heyətimizin üzvləri Avropa Şurasının Nazirlər Komitəsinə yazılı sual ünvanlamışlar. Həmin sənəddə Avropa Şurasının təməl prinsiplərini və əsas meyarlarını müntəzəm surətdə pozan, AŞPA tərəfindən rəsmən təcavüzkar kimi tanınmış Ermənistanın hərəkətlərinin bu təşkilatda üzvlüklə bir araya sığmaması barədə məsələ qaldırılmışdır.
Milli Məclisin nümayəndə heyəti ATƏT-in Parlament Assambleyasının bu günlərdə Vyanada keçirilmiş qış sessiyasında iştirak etmişdir. Sessiyada təhlükəsizlik, ətraf mühitin qorunması, demokratiyanın inkişafı, insan hüquqları, gender məsələləri və digər məsələlər müzakirə olunmuşdur.
Sessiyalararası dövrdə bir sıra xarici ölkə parlamentlərinin, beynəlxalq təşkilatların nümayəndələri Milli Məclisdə olmuşlar. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin, Avropa Komissiyasının, Macarıstan Xarici İşlər Nazirliyinin, Gürcüstan parlamentinin nümayəndələri ilə Milli Məclisdə görüşlər keçirilmiş, səmərəli fikir mübadiləsi aparılmışdır.
Bu günlərdə Milli Məclisdə Avropa Parlamentinin qitə üzrə Liberallar və Demokratlar Alyansı Siyasi Qrupunun rəhbəri Qraham Uatsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmiş, Avropa Parlamentinin “Azərbaycanda mədəni irs” adlı qətnaməsi ilə əlaqədar bildirilmişdir ki, heç bir fakta söykənməyən bu əsassız qətnamə Azərbaycan ictimaiyyətinin kəskin etirazına səbəb olmuşdur. Bildirilmişdir ki, ölkəmizdə müxtəlif etnik və dini qruplara məxsus 3,5 mindən yuxarı mədəni-tarixi abidə dövlət himayəsinə götürülmüşdür. Azərbaycan Respublikası mədəni və tarixi irsin qorunması sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlarla həmişə şəffaf və konstruktiv əməkdaşlıq etmişdir və bundan sonra da edəcəkdir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində isə ölkəmizin nadir mədəni irsinə təqribən 7 milyard ABŞ dolları məbləğində ziyan vurulmuşdur. Ermənistanda xalqımıza mənsub olan bütün tarixi və mədəni abidələr yerlə-yeksan edilmiş, o cümlədən 1500-dən çox məscid dağıdılmış və yandırılmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair danışıqların intensivləşdiyi bir vaxtda Avropa Parlamenti tərəfindən bu cür obyektivlikdən uzaq qərarın qəbul edilməsi sülh yollarının axtarışına mane olur, Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrə kölgə salır.
Fevralın 26-da bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 14 ili tamam olmuşdur. Bu hüznlü günlərdə Azərbaycan xalqı erməni millətçilərinin vəhşiliyinin qurbanı olmuş günahsız insanların əziz xatirəsini ehtiramla yad etmişdir. Xocalı soyqırımının 14-cü ildönümü xarici ölkələrdə də geniş qeyd olunmuş, deputatlarımız bu tədbirlərdə fəal iştirak etmişlər.
ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin Xocalı soyqırımı ilə əlaqədar müraciəti və faciədən bəhs edən sənədli materiallar sessiya iştirakçılarına paylanmışdır.
Əminik ki, Azərbaycan dövləti mövcud imkanların hamısından istifadə edərək, ölkəmizin ərazi bütövlüyünün bərpasını, qaçqın və köçkünlərimizin doğma yurdlarına dönməsini təmin edəcək, xalqımıza qarşı törədilmiş bütün cinayətlərin, o cümlədən Xocalı soyqırımının müqəssirlərinin mühakimə edilməsinə nail olacaqdır.
Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Milli Məclisin sədri bildirmişdir ki, parlamentimizin ötən sessiyalarda səmərəli işləməsi 2006-cı ilin yaz sessiyasında da qanunyaratma və qanunvericilik fəaliyyətinin uğurlu olmasına əlverişli zəmin yaratmışdır. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Əminəm ki, qəbul ediləcək qanunlar, o cümlədən “Beynəlxalq cinayətlərə görə məsuliyyət haqqında” Konstitusiya qanunu, “Gender bərabərliyinin təminatları haqqında”, “Təhsil haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil və ali təhsildən sonrakı təhsil haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “İnşaat fəaliyyəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Əhaliyə onkoloji yardım haqqında” və digər qanunlar Azərbaycan Respublikasının hərtərəfli inkişafına öz köməyini göstərəcəkdir.
Yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, 2005-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələnin Parlamentin gündəliyinə çıxarılması gözlənilir. Yaz sessiyasının iclaslarında İnsan hüquqları üzrə müvəkkilin və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri də Milli Məclisə təqdim ediləcəkdir.
Yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edildikdən sonra parlamentin İntizam və hesablayıcı komissiyaları yenidən təşkil olunmuş, daimi komissiyaların və parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikası Prezidenti və Latviya Respublikası Prezidenti arasında Birgə Bəyannamə, Azərbaycan və Latviya Hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması ilə bağlı sazişlər təsdiqlənmişdir.
Sessiya günün ikinci yarısında davam etdirilmiş, gündəlikdəki digər qanun layihələrinə münasibət bildirilmişdir. Azərbaycan və Çexiya hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması barədə saziş layihəsi, Azərbaycan və İran hökumətləri arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşlar və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş gediş-gəlişi barədə Memorandum, Azərbaycan Respublikası və Asiya İnkişaf Bankı arasında şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Kredit Sazişləri (xüsusi əməliyyatlara və adi əməliyyatlara dair iki saziş), eləcə də “Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə Asiya İnkişaf Bankı və “Azərsu” Səhmdar Cəmiyyəti arasında Layihə haqqında Sazişin təsdiq edilməsi barədə” və digər qanun layihələri geniş müzakirə edilərək təsdiqlənmişdir.