Üçüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün 13474 namizəd müraciət edib
Bakı, 7 aprel, AZƏRTAC
Üçüncü “Yüksəliş” müsabiqəsində iştirak üçün 13474 namizəd müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, üçüncü “Yüksəliş” müsabiqəsinə qeydiyyat üçün müraciət edənlərin sayı ötən illərlə müqayisədə artıb. Bildirib ki, qeydiyyatdan keçənlərin 10237-si kişi, 3237-si qadındır: "Üçüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 6268 namizəd öncəki müsabiqələrdə də iştirak edib. Namizədlərdən 94,1 faizi bakalavriat təhsilini Azərbaycanda alıb. İştirakçıların 51,54 faizi magistratura təhsilinə, onlardan 12,83 faizi isə doktorantura/aspirantura təhsilinə sahibdir. Magistratura təhsili almış iştirakçılardan 81,22 faizi, doktorantura təhsili alanlardan isə 87.99 faizi təhsilini Azərbaycanda tamamlayıb. Namizədlərdən 53.80 faizi dövlət, 43,94 faizi özəl, 1,38 faizi QHT, 0,88 faizi isə beynəlxalq qurumların əməkdaşıdır".
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin fevralın 17-dən start götürən qeydiyyat prosesi martın 31-də 18:00-da tamamlanıb.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti - üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.