UEFA LEGİONER FUTBOLÇULARA QADAĞA QOYUR
UEFA-nın tərkibinə daxil olan 52 milli assosiasiyanın rəhbərləri klublarda öz yetirmələrinin inkişafına dair UEFA-nın təkliflər paketini bəyənmişlər.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, təşkilatın İcraiyyə Komitəsi gələcəkdə onun himayəsi altında keçiriləcək turnirlərdə tətbiq olunacaq qaydalar toplusunu təqdim etmiş, milli assosiasiyaları bu qaydaları öz daxili turnirlərində tətbiq etməyə çağırmışdır.
Yeni qaydalara görə, klub turnirlərində “A” siyahısında futbolçuların ümumi sayına limit 25 nəfər həddində saxlanılır. 2006/07-ci illər mövsümündən başlayaraq, bu siyahıda ən azı iki yeri klubun öz yetirmələri, daha iki yeri eyni milli assosiasiyanın digər klublarının yetirmələri tutmalıdırlar.
Sonrakı iki mövsümdə bu minimum limit getdikcə artacaqdır. 2007/08-ci illər futbol mövsümündə “A” siyahısına klubun özünün üç yetirməsinin və həmin milli assosiasiyanın digər klublarından ən azı üç futbolçunun daxil edilməsi nəzərdə tutulur. Sonrakı mövsümdə hər iki limit dörd oyunçu həddinə çatacaqdır.
Futbolçu yalnız 15-21 yaşlarında ən azı üç mövsüm klubda qeydiyyata alındığı halda onun öz oyunçusu sayılır. Futbolçu 15-21 yaşlarında ən azı üç mövsüm ərzində eyni milli assosiasiyanın qeydiyyatındadırsa, onda bu milli assosiasiyaya məxsus klubların yetirməsi sayılır.
Bu təkliflər UEFA-nın Avropa klubları, liqaları, milli assosiasiyaları, futbol təşkilatları, məşqçiləri, siyasi qurumları və bir sıra ölkələrin hökumətləri ilə uzun sürən məsləhətləşmələr nəticəsində hazırlanmışdır.
UEFA Avropa futbolunda gənc oyunçularla həvəssiz işləmək, komandaların lokal və regional özgürlüyünün itməsi, klublar arasında tarazlığın olmaması, futbolçuların ayrı-ayrı komandalarda həddən çox toplanması və milli yığmaların bununla bağlı problemləri kimi meyillərin yarandığını aşkarladıqdan sonra belə tədbirlərin həyata keçirilməsinin zəruriliyində israrlıdır.