UEFA-NIN JURNALI AZƏRBAYCAN FUTBOL FEDERASİYALARI ASSOSİASİYASININ RƏSMİ SAYTI BARƏDƏ YAZI DƏRC ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, UEFA-nın ingilis dilində hər ay nəşr olunan jurnalında AFFA-nın rəsmi saytı
barədə yazı dərc edilmişdir.
Yazıda bildirilr ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi saytı yeni dizaynda və üç dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir. Saytda Azərbaycan futbolunda baş verən ən vacib hadisələr, xəbərlər, AFFA-nın rəsmi şəxsləri və milli komandaların baş məqçiləri ilə mütəmadi aparılan müsahibələr yerləşdirilir. İctimaiyyətlə əlaqələrin daha asan, birbaşa və yaxşı qurulması üçün saytda müntəzəm forumlar keçirilir və veb-səhifəyə daxil olan istənilən şəxs forumda iştirak edən AFFA rəhbərliyinə onu maraqlandıran sualları ünvanlaya bilir.
Saytda, həmçinin Azərbaycanın və ölkə futbolunun tarixi, AFFA-nın strukturu, üzvləri, assosiasiyada fəaliyyət göstərən komitələr barədə məlumat almaq mümkündür. “Milli komandalar” linkinə daxil olmaqla Azərbaycanın müxtəlif yaş qruplarından ibarət, həmçinin əsas milli komandası haqqında ən son yenilikləri, komandaların yeni açıqlanan heyətləri barədə məlumatları əldə etmək olar. “A milli” bölməsinə Azərbaycanın əsas yığma komandasına dəvət olunan futbolçuların şəkilləri, boyu, çəkisi, təvəllüdü, çıxış etdiyi klublar barədə məlumat daxil edilir. Bundan əlavə, saytda qadın futbolu, futzal, FİFA-nın hər ay açıqladığı reytinq cədvəlində milli yığma komandanın AFFA beynəlxalq futbol qurumuna üzv qəbul olunandan indiyə qədər hansı mövqedə qərarlaşdığı barədə səhih informasiyalar da yerləşdirilir.
Ölkə çempionatının güclülər və birinci dəstələrində keçirilən oyunların nəticələri, həmin görüşlərə hər tur təyin edilən hakimlərin, hakim-inspektorların, AFFA nümayəndələrinin adları saytda müvafiq qaydada yeniləşir. AFFA-nın saytında güclülər dəstəsində vurduqları qolların sayına görə digərlərindən fərqlənən futbolçuların adları, futzal üzrə ölkə çempionatının oyunlarının nəticələri ilə də tanış olmaq mümkündür.
Azərbaycan milli yığma komandasının Avro-2008-in seçmə mərhələsi çərçivəsində keçirdiyi bütün oyunların protokolları saytda yerləşdirilir. Uşaq futbolu, ölkə çempionatında iştirak edən klubların rəsmi şəxslərinin, məşqçi heyətinin, inzibati işçilərinin və futbolçularının etik kodeksi ayrıca link şəklində sayta daxil edilmişdir. Bundan əlavə, AFFA-nın rəsmi saytı vasitəsilə FİFA və UEFA-nın, o cümlədən ölkə çempionatında çıxış edən klubların veb-səhifəsinə birbaşa daxil olmaq mümkündür.
Fotoqalereyada AFFA rəsmilərinin keçirdikləri tədbirləri, ölkə çempionatı və Azərbaycan millisinin oyunlarını əks etdirən şəkillər yer alır.
Saytda AFFA-nın futbol himnini də dinləmək mümkündür.