UEFA-NIN VİTSE-PREZİDENTİ AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ YAD ETMİŞDİR
Heydər Əliyev bütün türk dünyasında sevilən şəxsiyyət idi. Türkiyə-Azərbaycan dostluğunu gözəl ifadə edən “Bir millət, iki dövlət” kəlamı məhz ona məxsusdur. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin gerçəkləşdirilməsi onun adı ilə bağlıdır. Heydər Əliyevin apardığı siyasət nəticəsində Türkiyə-Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur ki, bunu heç bir qüvvə sarsıda bilməz.
Seneş Erzik və AFFA İcraiyyə Komitəsinin üzvləri Prezident Heydər Əliyevin məzarı önünə əklil və gül-çiçək qoydular, onun nurlu xatirəsini ehtiramla yad etdilər.
Sonra Seneş Erzik və AFFA İcraiyyə Komitəsinin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Azərbaycan övladlarının xatirəsini andılar. Onlar türk əsgərlərinin abidəsi önünə də gül-çiçək qoydular.