UĞURLARLA KİFAYƏTLƏNMƏMƏLİ, QARŞIDA DURAN VƏZİFƏLƏRİN YERİNƏ YETİRİLMƏSİ SÜRƏTLƏNDİRİLMƏLİDİR
İqtisadi İnkişaf Nazirliyində şəhər və rayon şöbələrinin, struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilmişdir. İclasda 2003-cü ilin birinci rübü ərzində görülmüş işlərə yekun vurulmuş, ikinci rüb üçün vəzifələr müəyyənləşdirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iqtisadi inkişaf naziri F.Əliyev çıxış edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin ölkə iqtisadiyyatının kompleks inkişafı istiqamətində qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulamışdır.
Natiq demişdir ki, iqtisadi inkişaf proqramlarının icrası, sahibkarlığın inkişafı, dövlət əmlakının özəlləşdirilməsi istiqamətində ilin birinci rübündə xeyli iş görülmüşdür. Yaradılmış münbit sərmayə mühiti, sahibkarlar üçün güzəştlərin müəyyənləşdirilməsi, onların dövlət tərəfindən dəstəklənməsi hazırda ölkədə güclü sahibkarlar ordusunun formalaşmasına şərait yaratmışdır. Xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi, sərmayəçilərin hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə həyata keçirilən tədbirlər ÜDM-də özəl bölmənin xüsusi çəkisinin davamlı olaraq artması, yerli sərmayədarların fəallığının yüksəlməsi ilə müşayiət olunur. Azərbaycan MDB məkanında iqtisadiyyatına ən çox xarici sərmayə cəlb edən ölkələr sırasındadır.
Azərbaycan Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş, həyata keçirilməsi ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın icrasına başlanmışdır.
Azərbaycanın ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyi və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında bir milyon ABŞ dolları həcmində texniki yardımın göstərilməsi barədə Qrant Sazişi imzalanmışdır. Sazişin icrası üçün ABŞ-ın “Buz, Alen Hamelton” şirkəti seçilmiş və artıq layihənin həyata keçirilməsinə başlanmışdır.
Sahibkarlığın inkişafında süni maneələrin aradan qaldırılması, azad rəqabət mühitinin formalaşması, antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması sahəsində, sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Ötən il Azərbaycanın 18 şəhər və rayonu üzrə 49 sahibkarlıq subyektinin maliyyə layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 milyard manatdan çox vəsait ayrılmışdır. Kredit almış təsərrüfat subyektlərinin təqdim etdiyi sərmayə layihələri üzrə 1400-ə yaxın yeni iş yeri açılmışdır. 2003-2005-ci illər üzrə dövlət büdcəsində sahibkarlığın inkişafına 250 milyard manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Respublikanın 2003-cü il üçün dövlət büdcəsində sahibkarlığın inkişafına ayrılmış 57 milyard manat vəsaitin səmərəli istifadə edilməsi və bu vəsaitin regionlar üzrə yerləşdirilməsini təmin etmək məqsədilə Müsabiqə Komissiyası tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi üçün 11 müvəkkil bank seçilmişdir. Artıq bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondunun bank hesabına 10 milyard manat vəsait köçürülmüşdür.
Qeyd olunmuşdur ki, uğurlarla kifayətlənmək olmaz, bütün sahələrdə işlər daha da canlandırılmalı, sahibkarlarla qarşılıqlı əlaqələr möhkəmləndirilməlidir.
Sonra 2003-cü ilin birinci rübü ərzində görülmüş işlər barədə nazirliyin departament rəhbərlərinin, müvafiq struktur bölmələrinin hesabatları dinlənildi. Hesabatlarda qeyd olundu ki, ölkənin şəhər və rayonlarında yerləşən müəssisələr haqqında informasiya bankının tam formalaşdırılması ilə bağlı intensiv işlər aparılır, müəssisələr arasında kreditləşmənin tələblərinə cavab verən müəssisələr müəyyənləşdirilir, onların kredit təminatı araşdırılır. Struktur bölmələrinin rəhbərləri sahibkarlar ordusunun formalaşmasında böyük əhəmiyyəti olan dövlətsizləşdirmə prosesində əhalinin geniş iştirakının təmin edilməsi, eləcə də yerli sərmayəçilərin fəallığının artırılması istiqamətində görülmüş işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.
Kollegiya iclasında həmçinin, 2003-cü il mayın 7-9-da Bakıda keçiriləcək Beynəlxalq sərmayə konfransına hazırlığın gedişi ilə bağlı məsələ də müzakirə edilmişdir. Qeyd edilmişdir ki, artıq ilkin hazırlıq tədbirləri başa çatdırılmış, nazirliyə 170-ə yaxın sərmayə layihəsi təqdim olunmuşdur.
İclasda 2003-cü ilin ikinci rübündə nazirlik qarşısında duran vəzifələr geniş müzakirə edilmişdir.
Nazir F.Əliyev kollegiyanın işinə yekun vuraraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin sürətləndirilməsi üçün nazirliyin qurumlarının, şəhər və rayon şöbələrinin işinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının stimullaşdırılması, bu sahədə problemlərin operativ həlli və s. məsələlərlə bağlı konkret tapşırıqlar vermişdir.