UKRAYNA AZƏRBAYCANLILAR KONQRESİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏDƏNİYYƏTLƏR FESTİVALINDA İŞTİRAK ETMİŞLƏR
Kiyev, 20 sentyabr (AZƏRTAC). Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, sentyabrın 17-dən 20-dək Nikolayevdə Ukraynanın cənub regionunun illik milli mədəniyyətlər festivalı keçirilmişdir. “Dostluq” adlanan bu festival Nikolayev vilayəti Milli Cəmiyyətlər Şurası tərəfindən təşkil edilmişdir.
Çox baxımlı və maraqlı olan bu folklor tədbirində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) regional təşkilatlarının musiqi və rəqs kollektivlərinin nümayəndələri, gürcü, moldav, çex, koreya və digər milli-mədəni cəmiyyətlərdən olan özfəaliyyət artistləri çıxış etmişlər.
Qala-konsertdən əvvəl Nikolayev şəhərinin meri Vladimir Çayka, Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Yeganə Qafqazlı və başqaları çıxış etmişlər. Ukraynanın xalq artisti Qurban Abbasov konsertdə Azərbaycan və Ukrayna mahnılarını ifa etmişdir.
Festival çərçivəsində xalq sənəti məmulatları sərgisi də təşkil edilmişdir. Sərgidə bizim diasporun üzvü olan sənətkarların əl işi olan Azərbaycan milli məişət əşyaları nümayiş etdirilmişdir.
Bizim səfirliyin müşaviri Y.Qafqazlı Nikolayev meri V.Çayka ilə görüşmüşdür. Görüşdə regional səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur.
Ukrayna gəmiqayıranları şəhərində Y.Qafqazlı Ukraynanın bu regionunda yaşayan Azərbaycan diasporunun rəhbərləri və fəal üzvləri ilə də görüşmüşdür.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev