SİYASƏT
Ukrayna jurnalında Azərbaycan diasporunun ağsaqqalı haqqında məqalə dərc edilmişdir
Kiyev,17 aprel (AZƏRTAC). Lvov Dövlət Bədən Tərbiyəsi Universiteti (LDBTİ) tərəfindən Ukrayna dilində nəşr olunan “Sağlam həyat tərzi” jurnalının son nömrəsində Azərbaycanın və Ukraynanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, professor Məmməd Cəfərov haqqında məqalə dərc edilmişdir.
Məqalədə Ukraynadakı Azərbaycan diasporunun ağsaqqalı, görkəmli alim, Lvov şəhərinin fəxri vətəndaşı, LDBTİ-də haqlı olaraq böyük müəllim adlandırılan Məmməd Cəfərovun şanlı həyat yolu və peşəkar fəaliyyəti barədə söhbət açılır.
1924-cü il martın 18-də Bakıda anadan olmuş M.Cəfərov o vaxtkı Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra tale yolları onu Lvova gətirib çıxarmışdır. 1946-cı ilin iyun ayında o, Lvov Dövlət Bədən Tərbiyəsi İnstitutunun (LDBTİ) əsasını qoyanlardan, həmin institutun anatomiya və biomexanika kafedrasını yaradanlardan biri olmuşdur.
Tibb elmləri doktoru, anatomiya və biomexanika üzrə professor Məmməd Cəfərov 33 il müddətində keçmiş İttifaqın bütün bədən tərbiyəsi institutları arasında aparıcı kafedralardan biri hesab edilən LDBTİ anatomiya kafedrasının müdiri, 11 il dekan, 8 il həmkarlar komitəsinin sədri, LDBTİ-nin rektor əvəzi olmuşdur.
1997-ci ildə Ukrayna prezidenti Leonid Kuçma M.Cəfərova “Ukraynanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” döş nişanını və diplomunu təqdim etmişdir.
AZƏRTAC-ın xəbər verdiyi kimi, 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə professor M.A.Cəfərova “Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adı verilmişdir.
Xatırladaq ki, Məmməd müəllimə bu fəxri adın verilməsi haqqında şəhadətnamə və döş nişanı ona Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tərəfindən keçən il dekabrın 27-də Lvovda təntənəli şəraitdə təqdim edilmişdir.
Azərbaycanlı diplomat və Lvov şəhərinin rəhbəri öz çıxışlarında M.Cəfərovun 65 illik əmək fəaliyyətini, onun Azərbaycanda və Ukraynada təhsilin, elmin və idmanın inkişafına sanballı töhfəsini qeyd etmişlər.
Məqalədə daha sonra bildirilir ki, Cəfərovların həkimlər sülaləsini Məmməd müəllimin qızı, Lvovdakı Birinci Klinik Xəstəxananın baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir xanım və nəvəsi, Qərbi Ukrayna Vilayət Mərkəzinin müalicə müəssisəsinin endoskopik cərrahiyyə şöbəsinin müdiri uğurla davam etdirir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev